Qarabağda yeni otellər tikiləcək – Turizm planının detalları

  • By admin
  • 26 İyul 2021 13:00
“Azərbaycanın 2030-cu ilə qədər iqtisadi prioritetləri müəyyənləşdirilib və buna uyğun olaraq turizm strategiyası hazırlanıb”.Gununsesi.info xəbər verir ki, bunu Modern.az-aDövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə işğaldan azad olunmuş ərazilərdə turizm sahəsi ilə əlaqədar görüləcək işlər haqqında danışarkən deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər – Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar artıq müəyyənləşib:

“Burada iki yanaşma var: birincisi klaster yanaşmasıdır. Yəni turizm məhsullarının və potensialının cəmləşdiyi yerlərdə görüləcək işlərə başlanmasıdır. Digər yanaşma dəhlizlər üzrə yanaşmadır. Həmin ərazilərdə əsas dəhlizlər olacaq və bunun üzərində yeni turizm layihələri, infrastruktur, marşrutlar və turizm məhsulları qurulacaq.

Bölgənin turizm potensialı çox genişdir. Qarabağda yeni otellər tikiləcək. Amma bundan öncəki mərhələlər təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və insanların buraya qayıdışıdır. Həmçinin turizmyönlü insan resurslarının, kadrların hazırlanmasına artıq başlanıb. Turizm marşrutlarına uyğun olaraq, ilk “Yolumuz Ağdamadır” devizi ilə marşrut təqdim olunacaq. Daha sonra “Yolumuz Qarabağadır” konsepsiyası ilə marşrutlar qurulur. Yaxın zamanlarda artıq bir neçə marşrut ictimaiyyətə təqdim ediləcək. Bu marşrutlarda xüsusi dəhlizlər üzərindən təhlükəsizlik məsələləri nəzərə alınacaq. İlkin mərhələdə həmin dəhlizlər üzərində sanitar qovşaqların qurulması, tullantılar və qidalanma ilə bağlı məsələlərin həlli nəzərdə tutulur. Bununla da həmin marşrutlar daxili turistlərin istifadəsinə veriləcək”.

Qurum rəsmisi onu da qeyd edib ki, agentlik bələdçilərin hazırlığına işinə də başlayıb. Bununla paralel olaraq turizm potensialının daxili və xarici auditoriyada tanıdılması işləri aparılır:

“İlk dəfə may ayında Körfəz ölkələrində, daha sonra İstanbulda və digər yerlərdə canlı tanıtımlarımız keçirildi.

Hər rayonun özünəməxsus turizm potensialı var. Məsələn, Kəlbəcər rayonunu götürsək, burada təbiət, mədəniyyət, sağlamlıq, qış turizmi məhsullarının daha çox inkişaf etdirilməsi planlaşdırılır. Şuşada isə önəmli məqam tarixi-mədəni abidələrin, resursların tanıtımı, festivalların keçirilməsi üzərində turizm planları var. Ağdamda daha çox işgüzar turizm imkanları araşdırılır ki, gələcəkdə istifadəyə verilsin. Planlar böyükdür. İş görüldükcə, təbii olaraq, ictimaiyyətə daha çox məlumat veriləcək. Dövlət Turizm Agentliyi olaraq, əsas fəaliyyətlərimizdən biri Qarabağın turizm potensialını inkişaf etdirmək və Qarabağın turizm destinasiyasını tanıtmaqdır”.

Gununsesi.info