“Qarşıdakı 5 ayı belə, proqnozlaşdıra bilməyən siyasətçiləri təqaüdə göndərməyin zamanıdır” - AZƏR RƏŞİDOĞLU

  • By admin
  • 22 Dekabr 2017 14:20

Azərbaycanda yeni müxalifətə ehtiyac var, lakin yeni siyasətçilər də öz sələflərinə bənzəyirlər.

Gununsesi.info xəbər verir ki, bunu siyasi icmalçı Azər Rəşidoğlu “Azərbaycanda yeni müxalifət lazımdırmı?” sualını cavablandırarkən deyib.

“Suala cavab birmənalıdır. Lazımdır, hətta vacibdir. Lakin yeni siyasətçilər də öz sələflərinə bənzəyirlər. Fərq ancaq yaşlarındadır”- deyə, A.Rəşidoğlu vurğulayıb.

Onun sözlərinə görə, elə buna görə deyirik ki, paradiqma dəyişikliyi vacibdir: “Amma kiminlə? Həzrəti Musa kimi 40 il səhrada gəzdirək bunları bəlkə nəsə oldu? Düz 32 il siyasətdə olasan və bunun 30 ilini məğlubiyyətdə keçirəsən, ağır dərddir, bunu anladıq. Axı yerinə gələnlərin də düşüncə və taktikası (strategiya ümumiyyətlə yoxdur) eynidir. Özünə məftun olmaq, başqalarını aşağılamaq, hamını, hətta dostları da düşmənə çevirmək və s. onların əsas hərəkətverici amilidir. Yeni siyasətçilər eyni səhvləri buraxır”- deyə, A. Rəşidoğlu vurğulayıb.

O əlavə edib ki, 1987-88-ci ildən qaynayan qazanda bişən, siyasi ədəbiyyatı “Qurdlar Vadisi” olan artıq yaşa dolmuş “gənc qocalar” onlara açılmış cığırla büdrəyə-büdrəyə gedirlər: “Kənardan baxanda ürəkgöynədən mənzərə görünür.Tənqidi qəbul etmədiyindən onlara səhvlərini söyləmək də imkansızdır. Daha 32 il keçəcək, köhnələrin bir hissəsi yəqin ki, həyatda olmayacaq, yeni gələnlər artıq 32 ilin siyasətçisi olacaq və əgər biz eyni yanaşmanın şahidi olacayıq – “yeni, daha geniş birliyə nail olacayıq, dünya dəyişir, biz də dəyişəcəyik, yeni dalğa gələcək, gələn il maraqlı olacaq” nağıllarının 32 ildən sonrakı yeni deyilişinin şahidi olacayıq və beləcə ölüb, gedəcəyik. Bütün siyasi qurumlar şəxsiyyətə pərəstiş ideyası ilə formalaşdırılıb, yeni media və siyasət liderləri də yeni bütlərə bənzəyirlər. İçlərində diktatora hamilə olan qadınlar kimidirlər. Yenilik gətirmək istəyən, bunu bacaran, dəyişikliyi şəxsən özündən başlayan simalara “yaşıl işıq” yandırmadıqca elə belə də olacaq. Nəinki qarşıdakı 5 ili, hətta 5 ayı belə proqnozlaşdıra bilməyənləri (yaşından asılı olmayaraq) təqaüdə göndərməyin zamanıdır”.

Mürtəza

Gununsesi.info