Qarşılıqlı anlaşma ilə Azərbaycan AŞ PA-ya qayıda bilər - SİYASİ MƏHBUSLAR MƏRHƏLƏLİ ŞƏKİLDƏ AZAD OLUNA BİLƏR

  • By admin
  • 03 Aprel 2024 12:21

Bu ayın sonu Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyası keçiriləcək.

Moldovo, Bosniya və Herseqovinanın Parlament Assambleyasındakı deputat qruplarının Azərbaycanla bu qurum arasındakı münasibətlərin qaydaya salınmasına dair təşəbbüsləri fayda verməyib.

Azərbaycan tərəfi iddia edir ki, ölkənin suverenliyinin tam təminatı Avropa Şurasının Azərbaycana qarşı qərəzli münasibəti ilə nəticələnib.

Qeyd edək ki, ermənilərin Xankəndindən könüllü çıxmasınə əıks etdirən görüntülərə baxmayaraq, AŞ PA və digər qurumlar Azərbaycanın onları zorla ölkədən çıxardığını iddia edir.

Ancaq AŞ PA Azərbaycanın deputat heyətinin mandatını təsdiqləməməsini son kütləvi həbslərlər və insan haqları sahəsindəki geriləmələrlə əsaslandırır.

Bəs görəsən, bu gərginlik nə qədər davam edəcək? Azərbaycan Avropa Şurası ilə yollarını ayıracaqmı? 

Hətta bəzi məlumatlara görə, Azərbaycan hökuməti artıq Avropa Məhkəməsi tərəfindən təyin olunan təzminatları ərizəçilərə ödəməyi də  dayandırıb.

Tanınmış vəkil Bəhruz Bayramov Gununsesi.info-ya müsahibəsində Azərbaycanla  Avropa Şurası münasibətlərinin indiki durumunu şərh edib.

Bəhruz Bayramovun sözlərinə görə, AŞ PA-nın Qarabağ məsələsi ilə bağlı Azərbaycana yönəlik ittihamları bu qurumun insan haqları ilə bağlı haqlı tələblərinin üzərinə kölgə salıb: “Azərbaycan Avropa Şurası tərəfindən hər zaman tənqid hədəfində olub. Bu da ölkədə insan haqları və demokratiyanın vəziyyətindən irəli gəlib. Amma indiyədək hökumət tərəfindən bu tənqidlərə belə sərt  formada münasibət bildirilmirdi. Ancaq ermənilərin Xankəndindən çıxarılmasını etnik təmizləmə kimi dünyaya təqdim etmək  bizim hökumətin əlinə əsas verdi ki, Avropa Şurasına qarşı belə sərt mövqe ifadə olunsun.  Azərbaycan cəmiyyətinə də belə çatdırıldı ki, Qarabağı azad etməyimiz Avropa Şurasının qəzəbinə tuş gəlib. Hər halda rəsmi təbliğat bunun üzərinə quruldu. Ona görə də vəziyyət olduqca mürəkkəbləşib”. 

 

Azərbaycanın Avropa Şurasından kənarlaşmasının ölkə üçün yaxşı heç nə vəd etmədiyini vurğulayan Bəhruz Bayramov hesab edir ki, dünyanın nüfuzlu tribunasından məhrum olmaq bizim üçün uğursuzluq deməkdir: “Təsəvvür edin ki, Cənubi Qafqazın iki dövləti – Gürcüstan və Ermənistan Avropa Şurasının üzvü kimi ciddi uğurlar əldə edir, Azərbaycan isə bu qurumda olmur. Avropa Şurasının üzvü kimi indiyədək uğurlarımız olub. Bu da nəticə etibarı ilə vətəndaşlar və dövlət üçün böyük qazancdır. Biz Avropa Şurasına daxil olan zaman 700 siyasi məhbusumuz vardı. Bu məsələlər həllini tapdı, Avropa standartlarına uyğun qanunvericilik bazası yaradıldı. Yəni, qazanan Azərbaycan dövləti və vətəndaşı olub”.

Bəhruz Bayramov deyir ki, AŞ PA müəyyən şərtlər daxilində Azərbaycana güzəştə gedə bilər: “Hazırda bütün siyasi məhbusları qısa zamanda açıb buraxmaq real deyil. Ancaq Azərbaycan hökuməti siyasi məhbus məsələsinin mərhələli şəkildə həllinə dair vəd verə bilər. Bu zaman Avropa Şurası da bizə qarşı yumşala və nümayəndə heyətimizin mandatının təsdiqlənməsinə yaşıl işıq yandıra bilər. Əgər doğrudan da Azərbaycan hökuməti Konstitusiya ilə elan olunan “demokratik”, “hüquqi” və “dünyəvi” dövlət quruculuğunda maraqlıdırsa, buna getməlidir. Bu, Azərbaycanın Avropa qarşısında geri çəkilməsi, məğlubiyyəti demək deyil. Söhbət dövlətin öz vətəndaşının əsas hüquq azadlıqlarına verdiyi dəyərdən gedir”. 

Azərbaycanın COP 29 kimi nüfuzlu tədbirə ev sahibliyi etdiyini vurğulayan hüquqşünas deyir ki, dünyanın diqqətinin ölkəmizdə olduğu bir mərhələdə insan haqları problemləri həllini tapmalıdır:

” Nazim Bəydəmirli   ekologiya problemlərə etiraz edən ictimai fəal olaraq həbs edilib. O, özünü ekologiya məhbusu hesab edir.  COP 29 dövründə onun və digər siyasi fəalların həbsdə qalması bizim üçün yaxşı hal deyil”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Gununsesi.info-ya müsahibəsində deyir ki, geri addım atmalı bir tərəf varsa, oda AŞ PA-dır: “Bizim nümayəndə heyətimiz AŞ PA-nı tərk edəndə bəyanatımızda açıq və birmənalı mövqe ifadə etmişik. Azərbaycana münasibət dəyişməlidir. Bizi Cənubi Qafqazın digər ölkələrindən ayırırlar. Onlara bir, bizə başqa münasibət var. Azərbaycanın öz suverenliyini təmin etməsi çoxlarının iç üzünü açdı. Bugün münasibətlərin bu həddə çatmasında Azərbaycanı yox, onların özünü günahlandırmaq lazımdır. Bizə qarşı səhv edilib və etiraf edilməlidir”.

Azərbaycanda insan haqları sahəsində problemlərə gəlincə, Səməd Seyidov deyir ki, Avropa Şurasına üzv olan hər bir ölkədə olan problem bizdə də ola bilər: “Söhbət insan haqları probleminə istinad edib bizə qarşı qərəzli, heç bir ölçüyə sığmayan hərəkətlərdən gedir. Hansısa bir fərdi məsələdən bütövlükdə ölkəyə qarşı istifadı etmək olmaz”. 

Afət Abbasova

Gununsesi.info