Qazlı içkilərdən uzaq durun — Həkim şərhi

Qazlı içkilərdən həzm prosesini sürətləndirmək, orqanizmin enerji deposunu yüksəltmək üçün istifadə edilir. Lakin əhvalı müvəqqəti yaxşılaşdıran həmin suların yaratdığı əks-təsirlər də var.

İnsan orqanizmi gündəlik maye qəbul etməlidir. Maye deyəndə təkcə su, yoxsa qazlı sular da daxil edilir? Alimlərin apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, mütəmadi qazlı su içmək sümüklərdə qırılmaya meyillilik yaradır. Həmin içkilərin tərkibindəki limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərir. İfrat istifadə edilməsi isə mədə xorası ilə nəticələnir. Müalicəvi təsirə malik qazlaşdırılmış sulardan da ehtiyatla istifadə edilməsi tövsiyə olunur.

Gununsesi.info AZƏRTAC -a istinadən bildirir ki, həkim-terapevt Gülsarə Sadıqova deyib: “Mineral suların tərkibi üstündə yazılanlara uyğundursa, onların öz təyinatı var. Onların bəzilərinin qələvi, bəzilərinin turşu və s. effekti var. Mineral suların həkim təyinatı əsasında qəbul edilməsi daha məqsədəuyğundur”.

Qazlı içkilərin tərkibindəki kofein xoş əhval-ruhiyyəni artırsa da, çox keçmədən yorğunluq, yuxusuzluq və gərginliklə nəticələnir. Bir çox qazlı içkilərin tərkibindəki kimyəvi maddələr də orqanizm üçün ziyanlı sayılır.

Həkim-diyetoloq Leyla Zülfüqarlı deyib: “Mineral suların tərkibindəki qatqı maddələri kimyəvi məhsul olduğuna görə orqanizmdə mübadilə prosesinin ləngidilməsinə, gələcəkdə bir sıra endokrin xəstəliklərin üzə çıxmasına, bağırsaq funksiyasının korlanmasına səbəb ola bilər”.

Həkim və mütəxəssislər qazlı içkilərin zərərli olduğu qənaətindədirlər. Mütəmadi maye qəbulu üçün adi və mineral sulardan istifadə edilməsi məsləhət görülür. Ona görə də dadı xoşa gəlsə də, sağlamlıq naminə zərərli içkilərdən uzaq olmaq lazımdır.

 

 

Gununsesi.info