Siyasi elmlər üzrə fəlsəfə doktoru Qoşqar Bayramov Türkiyə-Azərbaycan münasibətləri ətrafında Türkiyənin sosial media məkanında aparılan müzakirələrə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, o, Azərbaycana qarşı sərt, təhdidedici və ərazi iddiaları ehtiva edən ritorikanın Türkiyə cəmiyyətinin bütöv mövqeyi kimi qiymətləndirilməsinin doğru olmadığını vurğulayıb.
Türkiyədə səkkiz ilə yaxın yaşadığını, magistratura və doktorantura təhsilini bu ölkədə aldığını qeyd edən alim Türkiyə cəmiyyətini yaxından tanımaq imkanı əldə etdiyini bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə Azərbaycana qarşı səsləndirilən fikirlərin Türkiyədəki bəzi şəxslər tərəfindən də tənqid olunması həmin yanaşmaların cəmiyyətin vahid mövqeyini ifadə etmədiyini göstərir.
Bayramov qeyd edib ki, bəzi şəxslər dövlətlərarası münasibətlərin mahiyyətini və beynəlxalq hüququn fundamental prinsiplərini nəzərə almadan siyasi mülahizələr irəli sürürlər. O, xüsusilə Azərbaycanın Türkiyənin 82-ci vilayəti olması ilə bağlı səsləndirilən fikirləri tənqid edərək belə yanaşmaların başqa bir müstəqil dövlətin suverenliyinə münasibəti ortaya qoyduğunu bildirib.
Siyasi elmlər üzrə fəlsəfə doktorunun fikrincə, beynəlxalq münasibətlər sistemində dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi fundamental prinsiplərdir və bu prinsiplər dostluq və müttəfiqlik münasibətlərindən asılı olmayaraq qorunmalıdır.
O vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında fikir ayrılığı və ya siyasi anlaşılmazlıq yarandıqda bəzi şəxslərin dərhal işğal ritorikasına müraciət etməsi narahatlıq doğurur. Bayramovun qənaətinə görə, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı etimada, bərabərhüquqluluğa və suverenliyə hörmətə əsaslanmalıdır.
Bayramov eyni zamanda bildirib ki, ayrı-ayrı şəxslərin mövqeyini bütövlükdə Türkiyə cəmiyyətinə şamil etmək düzgün deyil.
Bununla yanaşı, o, radikal ideoloji mövqelərdən çıxış edən və dini-siyasi ritorikanı dövlətlərarası münasibətlərin hüquqi çərçivəsindən üstün tutan qrupların səsləndirdiyi fikirlərin də əhəmiyyətsiz sayılmamalı olduğunu qeyd edib.
Alim Azərbaycanın Türkiyə ilə münasibətlərinin strateji əhəmiyyətinin ölkənin milli maraqlarını və dövlət suverenliyini müdafiə etmək hüququnu məhdudlaşdırmadığını vurğulayıb. Onun fikrincə, davamlı ikitərəfli münasibətlər qarşılıqlı həssaslıqların nəzərə alınmasını, suverenliyə hörməti və məsuliyyətli siyasi davranışı tələb edir.
Qoşqar Bayramov Azərbaycana qarşı ərazi iddiaları irəli sürən və ya dövlətin təhlükəsizliyinə yönələn təhdidedici açıqlamalar verən şəxslərlə bağlı hüquqi və diplomatik mexanizmlərin tətbiqi məsələsinin diqqətdə saxlanılmasının vacibliyini də qeyd edib. O, ölkəyə girişinə məhdudiyyət qoyulan şəxslərin siyahısının genişləndirilməsi məsələsinin konkret bəyanatlar, fəaliyyət və qanunvericiliyin tələbləri əsasında qiymətləndirilə biləcəyini bildirib.
Bayramovun sözlərinə görə, bu məsələdə əsas məqsəd emosional reaksiyalar vermək deyil, Azərbaycanın suverenliyini və milli maraqlarını hüquqi vasitələrlə qorumaq olmalıdır.
“Qardaşlıq dövlət suverenliyinə alternativ deyil”, – deyə alim vurğulayıb.
O əlavə edib ki, əsl qardaşlıq qarşı tərəfin müstəqilliyinə, ərazi bütövlüyünə və siyasi iradəsinə hörmətlə başlayır. Azərbaycanın Türkiyə ilə münasibətləri qorumaq istəyi milli maraqlarını müdafiə etmək prinsipindən imtina etməsi kimi başa düşülməməlidir.
Qoşqar Bayramovun fikrincə, strateji tərəfdaşlığın davamlılığı yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər əsasında mümkündür.
Elmar












