Quba Təhsil İdarəsində daha bir rəhbər işdən çıxarıldı – TƏFƏRRÜATLAR

Quba-Xaçmaz Regional Təhsil İdarəsində sertifikatlaşdırma prosesi ilə bağlı baş verdiyi iddia olunan qanun pozuntuları fonunda növbəti kadr dəyişikliyi həyata keçirilib.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, son günlər gündəm olan sertifikatlaşdırma zamanı baş vermiş çoxsaylı qanun pozuntuları və bir neçə müəllimənin maddi maraq müqabilində sertifikatlaşdırmadan keçməsi üçün qəsdən şərait yaradılması səbəbindən İdarənin İnzibati-təşkilat sektorunun müdiri Fikrət Heybətov Elm və Təhsil Nazirliyinin tapşırığı ilə vəzifəsindən azad edilib.

Məlumata əsasən, Fikrət Heybətovun yerinə Quba Liseyinin direktoru Kamran Əliyev təyin olunub. İddia olunur ki, bu təyinat Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin iradəsinə zidd həyata keçirilib və bu hal nazirliyin ona etimadını itirməsi kimi qiymətləndirilir.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi məsələ ilə bağlı araşdırmalara başlayıb. Araşdırmaların məqsədi digər şəxslərin də qeyri-qanuni şəkildə imtahandan keçirilib-keçirilmədiyini müəyyən etməkdir.

İddialara görə, baş verən prosesdə digər rayon sektor müdirlərinin və idarənin bəzi əməkdaşlarının da adları hallanır.

Məlumatda diqqət çəkilən məsələlərdən biri də Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə bağlıdır. Bildirilir ki, əgər hadisələr onun iddia etdiyi kimi iradəsindən kənar baş veribsə belə, rəhbərlik etdiyi qurumda baş verənlərə görə məsuliyyət daşıyır. İddialara əsasən, idarənin əməkdaşları, o cümlədən sürücüsü korrupsiya və dələduzluq əməllərində iştirak edib. Həmçinin qeyd olunur ki, Coşqun Əliyev sonradan hadisədən xəbər tutsa da, Fikrət Heybətovu dərhal vəzifədən azad etməyib. Məlumata görə, əvvəlcə yalnız sürücü işdən çıxarılıb, Fikrət Heybətov isə yalnız nazirliyin müdaxiləsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

İddialarda qeyd olunur ki, Fikrət Heybətov və Ruslan Rzayev Coşqun Əliyevin ən yaxın kadrları olub. Bildirilir ki, baş verən hadisələrdən sonra Ruslan Rzayev ictimaiyyət arasında görünmür.

Digər iddiaya görə, Siyəzən Təhsil Sektorunun müdiri Elşad Sultanovun da bu proseslərdə iştirakı ilə bağlı faktlar ortaya çıxıb. Məlumata əsasən, o, Daxili Nəzarət Şöbəsinə dəvət olunaraq izahat verib. Bildirilir ki, Elşad Sultanov da Regional Təhsil İdarəsinin müdirinə yaxın şəxslərdən biridir.

İddialarda həmçinin qeyd olunur ki, idarənin təsərrüfat işləri üzrə əməkdaşı direktorlarla əlaqə yaradaraq bu proses üçün “müştəri” toplamaqla məşğul olub.

Məlumata görə, şəbəkənin tam müəyyənləşdirilməsi məqsədilə elm və təhsil naziri Emin Əmrullayev Daxili Nəzarət Şöbəsinə ciddi tapşırıqlar verib. İddialara əsasən, araşdırmaların yekununda toplanacaq sənədlərin Baş Prokurorluğa təqdim edilə biləcəyi də istisna edilmir.

 

Afət Abbasova

Gununsesi.info