ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin rəsmi paytaxt kimi tanıması barədə verdiyi məlum qərarı Azərbaycanda da ciddi rezonansa səbəb olsa da, belə demək mümkünsə cəmiyyəti iki hissəyə bölüb. Bir qism Trampın bu qərarını beynəlxalq hüquq norma və prinsipləri ayaq altına atması kimi dəyərləndirsə də, digər qism müxtəlif arqumentlərlə Qüdsün İsrailin paytaxtı elan edilməsini düzgün addım hesab edir və bunu dəstəkləyirlər. Lakin Qüdsün İsrailin paytaxtı elan edilməsini dəstəkləyən qism insanlar bunun Azərbaycanın milli maraqlarına cavab verib-verməməsini nəzərə almır və bunun Azərbaycan üçün hansı xoşagəlməyən presidentlərə yol aça biləcəyini, yaxud da beynəlxalq hüquq normalarına zidd olduğunu nəzərə almayıblar.
Trampın Qüdsün beynəlxalq hüquq norma və prinsiplərinə uyğun, yaxud danışıqların nəticəsi olaraq tərəflərin razılığı əsasında deyil, dünyada beynəlxalq hüquq normaları və prinsiplərinin, təhlükəsizliyin və sabitliyin qarantı rolunda çıxış edən bir ölkənin bəyan etdiyi prinsiplərə zidd addımını birmənalı şəkildə beynəlxalq hüquqa hayqırı hesab etmək olar. Belə ki, İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi ilə bağlı BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar mövcuddur. Tramp bu addımı ilə beynəlxalq təşkilatların bu qərarlarına sayğısızlıq nümayiş etdirərək, şəxsi maraqları baxımdan qərar verdi.
Tramp bu qərarı verəkən Amerikadakı daxili siyasi vəziyyəti nəzərə alaraq ölkəsinin dünyadakı jandarmeriya rolunu təmin etmək məqəsdi ilə atdığı da hamıya aydındır.
Bu gün bir çox ekspertləri və beyin mərkəzlərini ciddi narahat edən məsələlərdən biri Trampın bu qərarı gələcəkdə dünyanın münaqişəli bölgələrindəki problemlərin beynəlxalq hüquq prinsiplərinə söykənmədən deyil, hansısa faktora əsaslanaraq həlli ciddi fəsadlara yol aça bilər.
Odur ki, Trampın bu qərarı beynəlxalq hüquq normaları prizmasından Azərbaycanın milli maraqlarına nə dərəcədə cavab verib- verməməsini aydınlıq gətirək. Və o zaman bu qəaraın Azərbaycan üçün elə də xoş olmayan presidentlərə yol açacağının şahidi ola bilərik.
Azərbaycanla İsrail arasında əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, Trampın Qüdslə bağlı verdiyi qərar Azərbaycan kimi torpaqları işğal altında olan bir ölkənin maraqlarına cavab vermir. Baxmayaraq ki, Azərbaycanla İsrail arasındakı əlaqələr yüksək səviyyədədir. Lakin hər bir ölkənin öz milli və dövləti maraqları var. Çünki Azərbaycanın da 30 ilə yaxındır həllini tapmayan Qarabağ kimi problemi var və bizi də sabah belə bir təhlükə ilə üz-üzə qalmayacağımız istisna deyil. Ona görə ki, Qarabağ münaqişənin tənzimlənməsində əsas aparıcı rolu ABŞ, Rusiya və Fransanın beynəlxalq hüquq normalarına uyğun mövqe sərgiləmədiyi və əksinə daha çox onların ikili standartlarının, bu məsələdə işğalçı Ermənistanın mövqeyini dəstəklədiyinin şahidi oluruq. Bu ölkələr işğalçıya təzyiq edib işğalçılıq mövqeyindən geri otuzdurmaq əvəzinə bir çox hallarda bağlı qapılar arxasında Azərbaycana təzyiq edərək güzəştə getməyə sözv edirlər. Hansı ki, bunu Azərbaycan dövlət başçısı bu fikri bir neçə dəfə açıq formada dilə gətirib.
Qüdsün İsrailin paytaxtı kimi tanınmasının tərəfdarlarının əsas arqumentlərindən biri Fələstinin ermənipərəst mövqe sərgiləməsi və onları dəstəkləməsi irəli sürülür.
Burada digər məqamda diqqət yetirmək lazımdır ki, İsraildəki ərəblərin dominantlıq etdiyi siyasi partiyalar Knissetin (parlament) uydurma erməni soyqırım kimi tanınmasına daha çox aktivlik nümayiş etdirir. O zaman sual oluna bilər ki, bəs, niyə Türkiyə bu məsələdə bu qədər can-fəşanlıq edib, özünü oda vuraraq Qüdsün Fələstinin paytaxtı olmasını dəstəkləyir və bu istiqamətdə çaba göstərir. Axı deyildiyi ki, Fələstinın ermənipərəst mövqe sərgiləməsi və burada erməni terror təşkilatlarının ilk hədəfi elə Türkiyədir. Odur ki, Qüds məsləsinə biz qarabağ prizmasından yanaşmalıyqı.Çünki bu iki münaqişənin nə qədər fərqli cəhətləri olsa da, oxşar cəhətləri də var. Oxşarlıq isə ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi ilə məşğul olan vasitəçilər obyektivlik və ədalət prinsiplərindən uzaq beynəlxalq hüquqa hayqırı ilə yanaşırlar.Oxşar digər məqam isə necə ki, Azərbaycan torpaqları 19-cu əsrdə Rusiya imperiyası tərəfindən işağl edilərkən bu ərazilərə digər ölkələrdən ermənilər Azərbaycan torpaqlarına köçürüldüsə, 20-ci əsrin əvvəlində Osmanlı imperiyası parçalanarkən İngiltərə Fələstin torpaqlarında yəhudi dövləti yaratmaq üçün bu ərazilərə dünyanın müxtəlif ölkələrində köçürməyə başladı.
Bunun üçün tarixə nəzər salamq yetər. Belə ki, birinci dünya savaşında uduzan Osmanlı nəzarət etdiyi əraziləri bir-birinin ardınca itirdi. Qalib dövlətlər bu müsəlman ərazilərini ələ keçirib, öz aralarında böldülər. Suriya və Livan Fransanın, İraq, Misir və Fələstin isə İngiltərənin idarəçiliyinə verildi. Bu, elə bir dövr idi ki, ərazidə dövlətlərini yaratmaq barədə qərar qəbul etmiş yəhudi təşkilatlar bu istiqamətdə ciddi fəaliyyətə başlamışdı. İngilislərin iznilə dünyanın müxtəlif bölgələrindən yəhudilər Fələstinə köçürülür və burada sürətlə yəhudi fermaları yaradılırdı. Paralel olaraq yaradılan qeyri-rəsmi yəhudi silahlı dəstələri müqavimət göstərən ərəbləri silah gücünə köçürməklə ərazidə yəhudilərin sayını çoxalmasına kömək edirdilər. İngilis mandatlığı şəraitində yerli fələstinlilər ciddi müqavimət göstərmək imkanlarından məhrum idilər. Onlar əslində Osmanlını təmsil edən tərəf kimi, savaşda məğlub olmuş tərəf idilər. Beləcə İngiltərə Fələstin ərazilərində çoxlu sayda yəhudilərin məskunlaşmasını təmin etdi. Yəhudilərin Sion dağları bölgəsinə köçürülməsini və burada yəhudi dövlətinin yaradılmasını qarşısına ideoloji məqsəd qoymuş yəhudilər ilbəil öz hədəflərinə bir qədər də yaxınlaşırdılar.
İkinci dünya müharibəsindən sonra İngiltərə Fələstin məsələsinin kifayət qədər dərinləşdiyini nəzərə alaraq gələcəkdə ərəb dünyası ilə qarşı-qarşıya qalmamaq üçün Fələstin məsələsini BMT-nin müzakirəsinə çıxardı. Həmçinin qoşunlarını bölgədən çəkəcəyini bəyan etdi. Fələstin məsələsi 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinə çıxarıldı. Yəhudilərin Avropada kütləvi qırğınlara məruz qalması bəhanəsilə Fələstində onlar üçün bir dövlət qurulması ideyası gündəmə çıxarıldı. Və 33 səs lehinə, 13 səs əleyhinə, 10 ölkə bitərəf qalmaqla qərar qəbul olundu. Qərara əsasən, Fələstin torpaqlarında iki – ərəb və yəhudi dövləti yaradılmalı idi. O cümlədən Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kv. km-i yəhudi dövlətinin, yerdə qalan 11,1 min kv.km, yəni 43 faizi isə yaranacaq ərəb dövlətinə verilməli idi.
Yəhudilərə düşən ərazidə 500 mindən bir qədər az yəhudi və 150 min ərəb, ərəblərə ayrılmış torpaqlarda is ə 750 min ərəb və 10 min yəhudi yaşayırdı. 106 min ərəb və 100 min yəhudinin yaşadığı 1 faizlik ərazi isə beynəlxalq statuslu zona olmalıydı. O zaman Şərqi Qüds – ərəb şəhəri olaraq qalırdı!
Bu məcrada ABŞ, SSRİ və Fransa kimi iri dövlətlər bölünmənin lehinə, ərəb ölkələri və Türkiyə əleyhinə səs verdi, İngiltərə isə keçmiş müstəmləkəsi ilə bağlı qərara bitərəf qalmaqla hər iki tərəfin razılığını qazanmağı düşünürdü. Qəribədir ki, yəhudilər də bu qərardan narazı olduqlarını bəyan etdilər. Az sonra isə “Naqana”, “İrqun” kimi radikal yəhudi təşkilatlarının qeyri-qanuni hərbi birləşmələri ərəb yaşayış məskənlərinə hücumlar təşkil etməyə başladılar. Qısa vaxt ərzində BMT-nin ərəb dövləti üçün nəzərdə tutduğu xeyli ərazi yəhudilər tərəfindən işğal olundu.
5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi başladı. İsrail ordusu Qərbin tam dəstəyilə 6 gün ərzidə Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarmadasını, Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları – Qüdsün ərəblərə aid (1948-ci il bölgüsü zamanı Qüds şəhəri iki hissəyə bölünmüşdü) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də İsrail bu qətnaməyə məhəl qoymadı. İşğal olunmuş ərazilərdə inzibati idarəçilik rejimi yaradıldı.
Bu faktlara diqqət yetirdikdə ermənilərin azərbaycanlıları öz ata yurdlarından necə didrəgin saldığı adamın gözü qarşısında canlanır. Çünki ermənilər də ABŞ, Rusiya, Avropanın və digər himayədarlarının dəstəyi ilə azərbaycanlıları öz doğma ocaqlarından zorla çıxardaraq, işal etdilər.
Necə deyərlər cinayətkarın cəzasız qalması yeni-yeni cinayətlərə yol açır.
Azərbaycan prezidenti də dəfələrlə Ermənistanın işğalçılıq siyasəti laqeyd mövqe sərgiləyən beynəlxalq aləmi qınayaraq, cinayətkarın cəzalandırılmaması nəticəsində işğalçını yeni-yeni işğala və cinayətlərə təşviq etməsi kimi dəyərləndirib. Əgər vaxtında beynəlxalq aləm, xüsusən də Qarabağ münaqişəsinin tənzimlənməsində vsitəçilik missityasını üzərinə götürən ABŞ, Rusiya, Fransa iradə nümayiş etdirib Ermənistana qarşı sərt sanksiyalar tətəbiq etsəydilər bu gün Azərbaycan torpaqlarında ermənilər at oynatmazdılar. Vaxtıyla işğalçılar yerinə otuzdurulsaydı, bu gün işğalçılıq yer üzünü caynağına keçirməzdi!.
Amma həyat davam edir. Deməli, sınaq da hələ bitməyib. Bizlər də bu sınağın içindəyik. əgər İslam dünyası baş verənlərin fərqində olub, heç olmasa ümdə məsələlərdə vahid mövqe sərgilərlərsə, İslam coğrafiyasında baş verən haqsızlıqlara sinə gərmiş olar. Düzdür, bu o qədər inandırıcı görünməsə də, bu istiqamətdə səylər göstərilməlidir.
Odur ki, Azərbaycan öz milli maraqları naminə Qüds məsələsində Fələstinin yanında olmaqla yanaşı, islam ölkələri ilə həmrəylik nümayiş etdirməli, xüsusən də Türkiyə ilə birgə addım atmalıdır.
Kimsə düşünür ki, Azərbaycanın Qüds məsələsində İslam dünyası ilə həmrəyliyi sıx əməkdalıqda olduğu İsrailin xoşuna gəlməyəcək, bu yanlışdır. Ən azından İsrail Azərbaycanın üzləşdiyi problemləri çox yaxşıanlayır və buna hprmətlə yanaşır. Məhz buna görə də Azərbaycanla İsrail milli və dövlət maraqlarının imkan verdiyi çərçivələrdə qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər.
Burada onu da qeyd etmək yerinə düşərdi ki, Trampın bu qərarı daha çox Rusiyanın maraqlarına cavab verir. Rusiya Trampın addımdan istifadə edib ilhaq etdiyi Krıma hüquqi don geyindirməyə çalışacaq. Digər tərəfdən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldavadakı münaqişələrdən öz xeyri üçün istifadə edəcək.
Azərbaycana gəldikdə isə onu demək olar ki, Azərbaycan nəinki İsrail-Fələstin münaqişəsinin, eyni zamanda dünyada baş verən münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi çərçivəsində beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq danışıqlar yolu ilə həll olunmasını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bu yolla Azərbaycan beynəlxalq hüquq dəyərlərinə söykəndiyini və fəaliyyətində bunu əsas götürdyünü nümayiş etdirmiş olur. Digər tərəfdən də bu münaqişələrin həllinə öz töhfəsini vermiş olur. Azərbaycan İsrail-Fəlsətin münaqişəsinin danışıqlar yolu ilə həllini tərəfdarı olub və konfliktin tərəflərin danıqşıalr masası arxasında həllini dəstəkləyir. Azərbaycan hələ BMT TŞ-yə sədrlik etdiyi dövrdə İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi istiqamətində öz səylərini göstərib və bu məqsədlə Azərbaycan XİN başçısı hər iki ölkədə olaraq görüşlər keçirib. Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək. Çünki bunu Azərbaycanın maraqları tələb edir və maraqlarına uyğun olaraq da siyasətini davam etdirəcək.
Mürtəza Bünyadlı
Gununsesi.info