Əgər Allaha yaxınlaşmaq istəyirlərsə təqva ilə yerisinlər -İlahiyyatçı danışdı

Ramazan ayının son günlərini yaşayırıq.

Hikmət və nəfsi tərbiyəsi ilə insanları doğru yola aşılayan bu ayın üstün ibadətlərindən biri də Qədr gecələridir.

İnsanlar bu gecələrdə səhərə qədər oyaq qalır, namaz qılır, müxtəlif dualar edir və başına “Qurani-Kərim” qoymaqla səhərə qədər Qədr gecəsini keçirirlər.

Bununla da bu gecənin əməllərini yekunlaşdırırlar. 

Son zamanlar “Qurani-Kərim-in başa qoymaqla ibadət edilməsi insanlar tərəfindən  qınanılır. Hətta bəzi din xadimləri arasında da buna görə fikir ayrılıqları da mövcuddur.

 

Bəs görəsən  bu əməl nə dərəcədə doğrudur? Müqəddəs ayın, müqəddəs gecəsində Quran-Kərimi başa qoymaq doğrudur, yoxsa içindəkilərini oxuyub dərk etmək?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan deyir ki, bu cür rituallarla Allaha yaxınlaşmaq olmaz: “Əgər Allaha yaxınlaşmaq istəyirlərsə iman və təqva ilə yerisinlər. Həzrəti Peyğəmbərin gətirdiyi İslam dininə görə, bütün ayinlər bütün ibadətlər peyğəmbərimizin buyurduğu şəkildə, yəni Allahın Quranda nazil etdiyi formada olmalıdır. Həzrəti Peyğəmbər buyurub ki, “Məni necə namaz qılan, ibadət edən görübsüzsə o qaydada ibadət edin”. Heç kəs yeniliyi, bidəti istədiyi formada İslam dininə əlavə edə bilməz. Çünki dinini qəbul edən xalqların özünə məxsus kifayət qədər adət-ənənələri, dini ayinləri var. Bunların hər birinə bir ayin əlavə edilsə artıq bu din dinliyindən çıxar. Odur ki, biz müəyyən məsələləri analiz etməliyik, aydınlaşdırmalıyıq ki, cəmiyyətimizə də aydın olsun”.

 

Tural İrfan deyir ki, bəzi xarici qüvvələrin hiyləgər niyyətləri nəticəsində bu xurafatlar ölkəmizə yeridilir.

“Gəlin görək bu işi Peyğəmbər görüb yoxsa yox? Bunun üçün tarixə nəzər salmaq lazımdır. Cəhalətin artıq dövrü keçib. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Seyid Əzim Şirvani bu kimi xadimlər belə xurafatlara qarşı hər zaman mübarizə aparıblar. Təəssüf ki, son dövrlərdə bəzi xarici qüvvələrin hiyləgər niyyətləri nəticəsində bu xurafatlar ölkəmizə yeridilir.

Bəzi insanları da qınamaq olmaz. Onlar da din öyrənmək istəyirlər. Fitrətdən gələn bir din ehtiyacı vardır. Ancaq bu xurafatın dinə qatıb təbliğ edən dırnağarası ruhanilərin cənginə keçərək əsl dindən uzaq düşüb endirilmiş, uydurulmuş islama tabe olmağa məcbur olurlar.

Peyğəmbərin dövründə “Quranı Kərim” nazil edildikcə katiblər tərəfindən müxtəlif daş parçalarına qoyunun və dəvənin kürək sümüklərinə müxtəlif odun parçalarına xurma yarpaqlarına yazılırdı. Nüsxə yox idi. Sonrakı xəlifələrin dövründə müxtəlif şəxslərin ələxsus Həzrəti Əlinin təşəbbüsü ilə bunlar toplanıldı və nüsxə halına gətirildi. Şübhəsiz ki, bu gün həmin nüsxələr də qalmayıb.

Bu nüsxələrin bir qismilərinin çəkisi həddindən artıq böyük və uzundur. Gəlin görək bu ağırlıqda olan nüsxələri başa necə qoymaq olar? Hədislər uydururlar ki, guya Həzrəti Əli Kufə məscidində həmin “Quran Kərim” nüsxəsini başına qoyaraq ibadət edib. Gətirilən hədislərin hər biri zəif hədislərdir.

Düşünək əlli, altmış kilo olan nüsxəni imam hansı formada başının üstündə saxlamışdır? Əgər Həzrət Əli bu işi görmüşdüsə bu əməli başqaları üçün də tövsiyyə edərdi.  Çünki müqəddəslər gördüyü gözəl işləri başqalarına da tövsiyyə edib, məsləhət görərdilər.

Necə oldu ki, Həzrət Əli bu əməli sırf özü üçünmü edirdi? Məgər başqalarına bu barədə hansısa əmr və ya qadağa  etmədimi ? Ondan əlavə Əhli-Beyt imamları, digər islam üləma və  məzhəb alimləri  bu işi görüblərmi?

Şübhəniz ki, etməyiblər belə bir məsələ yoxdur. Qeyd etdiyim kimi, bu əməl sonradan yaranmış bir bidətdir. Yəni başqa dinlərdən keçmiş başqa ayinlərdən, başqa ideologiyalardan keçmiş müxtəlif ayinlərin bir tərkib hissəsidir ki, başqalarından baxıb bunu da götürüblər. Bunlar birmənalı şəkildə ibadət hesab olunmur. Əgər Allaha yaxınlaşmaq istəyirlərsə iman və təqva ilə yerisinlər. ”

 

Onun sözlərinə görə, bu gün bir çox islam ölkələrində də bu əməl yoxdur: “İlahiyyatçı, dinşünas kimi deyə bilərəm ki, bu cür rituallar məzhəbçilik intiriqasi yaratmaq üçündür. Məqsəd dini, ümməti parçalanmaqdır. Bəs onda sual yarana bilər ki, niyə meydana gəlib? Nə üçün ənənəvi bir şəkil alıb? Ruhanilər  və din xadimləri niyə tövsiyyə edirlər?

Nifaqın, intiriqanın, siyasi məqsədlərə görə xarici qüvvələrin təxribatına xidmət etməkdən başqa bir sey deyil. İstərdim ki, ölkəmizin müsəlmanları bu kimi intiriqalara əsla uymasınlar.

“Quranı Kərim nazil olub ki içindəkiləri oxuyub əməl edəsən. Allah bu kitabda buyurur ki, “Biz bu Quranı nazil etdik ki, siz hidayət olunasız, oxuyub əməl edəsiz” . Çünki “Qurani Kərim” oxumaqdan ötrüdür.

Birinci ayədə də olduğu kimi  “Bu kitabı oxu səni xəlq edən Allahın adı ilə” deyir.  Demir ki, Ya Peyğəmbər mən sənə nazil etdiyimi götür başının üstünə qoy.  Əgər düzgün əməl və islamin tərkib hissəsi olsaydı Həzrəti Peyğəmbər onun bir parçasını götürüb başının üstündə qoyardı. Bu gündə bizim tarixi kitablarımızda gəlib çıxmış olardı. Bu İnsanları Quranın əsl mahiyyətindən uzaqlaşdırmağa xidmət edir”.

İlahiyyatçının sözlərinə görə, kimsə demir ki, Qədr gecəsində “Qurani-Kərim”-dən dörd-beş ayə oxu və  tərcüməsini başa düş. Ancaq insanları yığıb onlara Quranı açıq şəkildə başını üstündə qoymaqla bu əməllərə təşviq edirlər:

“İnsanları da qınamıram. Quranı Kərimin içindən bəlkə də ərəb dilindən bir hərfini və ya tərcümə olunmuş ayələrdən heç birini belə oxumayıblar.

Bir daha qeyd edirəm ki,  İslam dininin mahiyyəti əsla bu deyil. Bəzi xurafatçı , xaricə meyilli  olan insanların yaydığı uydurmalardır. Heç bir kökü vı tarixi özəlliyi yoxdur. bu bidət və günah olan bir əməldir. Quranı kərimə hörmətsizlikdir”.

 

“Bu məsələləri aydınlaşdırmaq, həll etmək lazımdır. Bu məsələlər haqqında “Cümə” surəsində kəskin ayələr var. Şirin-şirin danışaraq insanları cəhalət karvanına qoşmaq lazım deyil. Quranı salxım kimi başın üstündə qoymağın heç bir mənası yoxdur. 21ci əsrdə yaşayırıq. İnsanları ancaq elmə təşviq etmək lazımdır”-deyə ilahiyyatçı vurğulayıb.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info