Rəhim Qazıyevdən Ənvər Seyidova sərt sözlər: “Allahın adı ilə alver etmək kimsəyə şərəf gətirməz” - REAKSİYA

  • By admin
  • 24 Avqust 2016 14:14

9F2CDF06-EC36-47CA-917E-D289AAFA0521_w987_r1_s

Sabiq müdafiə naziri Rəhim Qazıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun onun barəsində Gununsesi.info-ya müsahibəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Qeyd edək ki, Ə. Seyidov məlum müsahibəsində “Mən həmişə başımın üstündə Allahı da görürəm. Ədalətsiz qərar verməmişəm. Mən dövlətçiliyə sadiq adamam. Rəhim Qazıyevin işi zamanı başımın üstündən güllə atıblar. Elə məsələlər olub ki, stəkanıma zəhər töküb məni öldürmək istəyiblər”-deyə, bildirmişdi.

enver

Sabiq nazir isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, Ə. Seyidov bu günə qədər də anlamayıb ki, bu iş R. Qazeyevlə bağlı iş deyildi: “Bu, Şuşa və Laçının işğalı haqqında cinayət işi idi. Bundan başqa, Allahı başının üstündə görən vicdanlı adam Vətənə olan xəyanəti gizlətməz. Şuşa və Laçın rayonlarının işğalı ilə bağlı istintaq materialları 11 min səhifədən və 51 cilddən ibarət idi. Ənvər Seyidovdan fərqli olaraq, həmin istintaq materiallarını əzbər bilirəm. Hər iki rayonun işğalı ilə bağlı istintaq materialları Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən qeyrətli balalarımızın verdiyi ifadələr, rəsmi sənədlər əsasında hazırlanıb. Allahı başının üstündə görən və hər zaman dövlətə xidmət etdiyini deyən bir şəxs heç olmasa, oradakı sənədlərdən xəcalət çəkər, danışmaz, Şuşanın işğalı ilə bağlı cinayət işini Rəhim Qaziyevin işi kimi qələmə verməzdi. Həmin cinayət işinin məhkəmə prosesində 8 və ya 9 nəfərə yaxın adam mühakimə olunub”. R. Qazıyev əlavə edib ki, Ə. Seyidov yaxşı olar ki, ləyaqətini ortaya qoysun, vicdanlı və namuslu hüquqşunasların, vətənpərvər yazarların iştirakı ilə onunla debata çıxsın: “O və onun kimi düşünən, öz səviyyəsində olan adamlarla cinayət işinin sənədləri ilə bağlı debata hazıram. Vəkilə də ehtiyac duymuram. Allahın adı ilə alver eləmək kimsəyə şərəf gətirməz. Allah insanın qəlbində olmalıdır. Qəlbində Allah xofu, mərhəmət hiss olan insanlar böhtan, yalan, saxta və yuxarıdan olan sifarişləri dövlətin adından sıramaz bu millətə. Ənvər Seyidova cavab vermək istəməzdim. O, kəmsavadlılığını, əyləşdiyi kürsüyə layiq olmadığını bir daha sübut edir. Rəhim Qaziyev ilə bağlı belə bir cinayət işi heç bir yerdə yoxdur və olmayıb. Cinayət işi məhz Şuşanın işğalı haqqında olub. Təəssüflər olsun ki, bu cinayət işinin araşdırılması Ənvər Seyidova tapşırılıb. Mən bu sözlərimin arxasında dururam. Əgər Ənvər Seyidov ədalətli hökm çıxartdığını düşünürsə və təkidlə bunu təsdiq edirsə, mən onunla debata hazıram. Baxmayaraq ki, Ənvər Seyidov kimi adamla üz-üzə durub debata getmək günahsız olaraq 15 il cəza cəkməkdən qat-qat ağırdır. Amma mən bütün bunları nəzərə alıb gedərəm. Bu əzaba dözərəm, amma xalqımızın qarşısında əsl həqiqət aşkara çıxarılsın. Məhz haqqın qarşında boyun qıldan nazikdir”.

Anar

Gununsesi.info