Rəşad Məcid: “Heç bir süni intellekt Sevda Ələkbərzadənin səsini və ifa ruhunu əvəz edə bilməz”

  • Müəllif: Orxan
  • 04 Sentyabr 2026 12:41

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı fikirlərinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Rəşad Məcid müğənninin “Hara gedirsən, hər yerdə robot (süni intellekt) oxuyur, bezdim vallah…” fikirlərinə diqqət çəkib.

O, Sevda Ələkbərzadənin qeyri-adi səsini, özünəməxsus tembrini və ifa tərzini yüksək qiymətləndirərək bildirib ki, sənətçinin səsini və ifa ruhunu süni intellekt əvəz edə bilməz.

“Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və fərqli ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir”, – deyə Rəşad Məcid qeyd edib.

Yazıçı süni intellekt vasitəsilə yaradılan bəzi musiqi nümunələrinin zövqlərin primitivləşməsinə və bayağılığın yayılmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

“ Mən əminəm ki, heç bir süni intellekt onun əfsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür”, – deyə Rəşad Məcid vurğulayıb.

Rəşad Məcid hesab edir ki, Sevda Ələkbərzadənin fikirləri sadəcə bir giley kimi qəbul edilməməlidir.

Onun sözlərinə görə, bu yanaşmanın arxasında sənətin gələcəyi ilə bağlı daha ciddi sual dayanır: süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə insanın yaratdığı sənət öz yerini qoruyub saxlaya biləcəkmi?

Yazıçının fikrincə, texnologiya musiqi istehsalında yeni imkanlar yaratsa da, insan sənətkarın fərdi yaradıcılığını, duyğusunu və özünəməxsus ifa ruhunu tam şəkildə əvəz etməsi hələ də mümkün deyil.

Orxan

Gununsesi.info