“Regiona səfər etmək fürsətini səbirsizliklə gözləyirəm” - MİNSK QRUPUNUN YENİ HƏMSƏDRİ

  • Müəllif: admin
  • 30 Avqust 2017 16:52

Yeni_hemsedr1503931876

“ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri postuna təyin edilməyim mənim üçün böyük şərəfdir. Daha əvvəl Azərbaycana səfər etmişəm, amma həmsədr kimi yox”.

Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan yeni təyin olunmuş həmsədri Endryu Şeffer deyib.

“Regiona səfər etmək və münaqişə tərəflərinin rəsmi şəxsləri ilə görüşmək fürsətini səbirsizliklə gözləyirəm. Eyni zamanda sentyabrda Nyu-Yorkda Minsk qrupundan olan həmkarlarımla da görüşəcəyəm”, – amerikalı həmsədr bildirib.

Yeni təyin olunmuş həmsədr qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır: “Birləşmiş Ştatlar Minsk qrupu prosesinə və tərəflərə Helsinki Yekun Aktının da daxil olduğu beynəlxalq hüquq, o cümlədən güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək prinsipləri əsasında uzunmüddətli sülh sazişi üzrə danışıqlar aparılmasında yardım etmək missiyasına sadiqdir”.

Xatırladaq ki, E.Şeffer ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə avqustun 28-dən etibarən təyin edilib.

Daha əvvəl o, Vyanada Birləşmiş Ştatların Beynəlxalq Təşkilatlarda Missiyasında müvəqqəti işlər vəkili vəzifəsini icra edib. 2011-2014-cü illərdə isə E.Şeffer ABŞ-ın Kiprdəki səfirinin müavini işləyib. O, eyni zamanda ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində çalışıb.

Gununsesi.info