
Ötən ilin son günü İstanbulun “Reina” klubunda qətliam törədən İŞİD terrorçusu Əbdülqadir Maşaripovun yaxalanması ilə bağlı yeni faktlar açıqlanıb.
Gununsesi.info Türkiy KİV-nə istinadən xəbər verir ki, İŞİD rəhbərliyi yanvarın 6-da Maşaripovun ailəsindən ayrı qalması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, terrorçu 4 yaşlı oğlu ilə birlikdə İŞİD döyüşçülərinin İstanbulda təhlükəsiz saydığı evə köçməli idi. Ancaq Maşaripovun həyat yoldaşı F.A. oğlundan ayrılmaq istəmədiyini deyib. Buna baxmayaraq, ƏbdulqadirMaşaripov onu dinləməyib. F.A. 2 yaşlı qızı ilə Pendikdəki evə aparılıb. Burada qaldığı zaman Maşaripovun seneqallı terrorçu Dina adlı qadınla imam nikahı kəsdiyini və Esenyurtda yaşadığını eşidib.
Bundan sonra qəzəblənən F.A. Pendikdə polis bölməsinə gəlib və həyat yoldaşını ələ verib. Ancaq polis evin ünvanını bilmədiyi üçün əməliyyat vaxt aparıb.
Bu arada, Maşaripovun törətdiyi terrordan sonra İŞİD-dən aldığı “mükafatı” da açıqlanıb. Məlumatlara görə, İŞİD “Reina” terroruna görə Ə. Maşaripova 3 qadın təklif edib – Seneqal əsilli 27 yaşlı Dina, Somali əsilli 27 yaşlı Ayişə və Misir əsilli 26 yaşlı Tene Trare.
Maşaripov bu qadınlardan Dinanı seçib və onanla imam nikahına girib.
Qeyd edək ki, Maşaripov “Reina” terroru zamanı 39 nəfəri öldürüb. Onların arasında bir nəfər azərbaycanlı da var.
Gülnaz Qənbərli
Gununsesi.info












