Rövşən Lənkəraniski haqqında kitab tənqidlə üzləşdi

  • By admin
  • 21 Sentyabr 2016 08:38
rovsen
“Qanun” Nəşrlər Evində yeni kitab satışa çıxarılıb. Bu, Bəhram Çələbinin “Rövşən Lənkəranski” adlı kitabıdır. Kitab kriminal aləmdə sanballı avtoritetlərdən biri-“Rövşən Lənkəranski” kimi tanınan Rövşən Rafiq oğlu Canıyevin həyat və fəaliyyətindən bəhs edir.
Müəllif xatirələri toplamaq üçün Rövşən Canıyevi tanıyıb-bilənlərlə görüşüb, onların söylədiklərini bir araya gətirməyə çalışıb. Gənc olmasına baxmayaraq, kriminal aləmdə xüsusi çəkisi olan “Rövşən Lənkəranski” yalnız MDB məkanında deyil, Türkiyə, BƏƏ, İsrail və İtaliyada da hörmətli avtoritet kimi ad çıxarıb.
Qeyd edək ki, kitab sosial şəbəkədə müzakirəyə səbəb olub, nəşriyyat daha çox tənqid edilib. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu isə sosial şəbəkə vasitəsilə tənqidlərə cavab verib: “”Rövşən Lənkəranski” haqqında yazılan kitabı nəşr etmək onun paylaşdığı dəyərləri təbliğ etmək məqsədi daşımır. Məqsəd bəzilərinin büt hesab etdiyi şəxslər haqqında reallıqları çatdırmaqdır. Həm də bütün təbəqələrin marağına uyğun olan çeşidli kitablar nəşr etməkdir. Dünyada ən əzazil, ən qəddar, hətta öz rəqibinin ətini yeyən adamlar haqqında belə kitablar yazılıb, bundan sonra da yazılacaq- bu o demək deyil ki, kitablar qəddarlığı və kannibalizmi təbliğ edir. Yaxşı söz var, çox oxuyan çox bilər. Bu faktdır ki, bilgili, məlumatlı cəmiyyət daha sağlam və daha təhlükəsiz mühit yarada bilir. Gözünü yumub kimisə lider elan etmək fanatizm əlamətidir. Oxuyun, bilin, sonra kiminsə bayraqdarına çevrilin. Hərçənd hər kəs öz bayraqdarına çevrilə bilsə, öz liderliyinə inansa daha yaxşı olar”.
Ş.Xuduoğlu musavat.com-a açıqlamasında bildirib ki, kitab “Lənkəranski”nin ölümündən sonra yazılıb:“Müəllif Çələbi bu sahədə yazır. O, ”oğru aləmi”ndən, cinayətkar aləmdən, həbslərdən, həbs olunmuş, həyatını məhbəslərdə keçirən insanların həyatından kitablar yazır. Növbəti kitab da “Rövşən Lənkəranski” ilə bağlı oldu. Çünki onun ətraflnda çox böyük maraq olduğuna görə müəllif bu kitabı yazmaq qərarına gəldi və biz də nəşr etdik”. Onun sözlərinə görə, kitab qısa zamanda yazılsa da, məlumatlarla zəngindir: “Kitabı özüm oxumamışam. Ancaq ilkin məlumatlar baxımından tanışam, müəllif haralara, nəyə istinad edib, həmin mənbələrə baxmışam. Məncə, xeyli yeni məlumatlar var”.