Ruben Vardanyan Qarabağdakı “vəzifəsindən” azad edildi

  • By admin
  • 23 Fevral 2023 19:07

Ruben Vardanyan separatçıların “dövlət naziri” vəzifəsindən azad edilib.

Gununsesi.info “Novosti-Armeniya”-ya istinadən xəbər verir ki, bu gün, fevralın 23-də qondarma “Dağlıq Qarabağ Respublikasının lideri” Arayik Arutyunyanın rəhbərliyi ilə “hökumətin iclası” keçirilib.

Arutyunyan “Artsax”ın Azərbaycan tərəfindən “blokadaya alınması” nəticəsində “respublika”da yaranmış hərbi-siyasi və sosial-iqtisadi vəziyyəti, habelə yaranan problemlərin həlli üçün hakimiyyət tərəfindən görülən tədbirləri sadalayıb.

Daha sonra o, Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad edildiyini açıqlayıb.

“Bütün bu müddət ərzində mən və Ruben Vardanyan bir yerdə olmuşuq, həm “Artsax”da, həm də xarici aləmdə baş verən hadisələri gündəlik izləyir, mövcud vəziyyətin həlli yolları haqqında daim fikir mübadiləsi aparırdıq. Mən cənab Vardanyana minnətdaram ki, həm dostluq, həm də kollegial münasibətlərdə həmişə mənimlə məsuliyyəti mümkün qədər bölüşməyə çalışıb və “konstitusiya” normalarına istinad edərək məsuliyyəti təkcə mənim üzərimə atmağa çalışmayıb. Lakin digər tərəfdən, o, “Artsax”dakı vəziyyətə və gələcək problemlərə görə mənim şəxsi məsuliyyətimin miqyasını və dərəcəsini dərk etdi və başa düşdü”, – deyə Aratunyan çıxışında bildirib.

Arutyunyan artıq “dövlət naziri” postunu “baş prokuror” Qurgen Nersisyanın tutacağını açıqlayıb.

Ruben Vardanyanın istefası ilə bağlı söz-söhbət Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Münhen konfransında irəli sürdüyü ilkin şərtdən sonra daha da artmışdı.

İlham Əliyev Mühnendə Ermənistanın Baş naziri Nikol Paşinyanın yanında şərt qoymuşdu: o, Qarabağın erməni əhalisi ilə danışıqlara hazırdır, ancaq bircə şərtlə, “Ruben Vardanyan Azərbaycan torpaqlarını tərk etməlidir”.

Uzun illər Rusiyada bizneslə məşğul olan Vardanyan ötən ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmüşdü. Artıq noyabr ayında Arayik Arutyunyan onu “dövlət naziri” təyin etmiş, ona qərarlar qəbul etmək və fəaliyyət göstərmək üçün geniş səlahiyyətlər verəcəyini vəd etmişdi. Vardanyan “hüquq-mühafizə orqanları” istisna olmaqla, bir neçə “nazirliyin”, o cümlədən “Xarici İşlər Nazirliyinin” işini əlaqələndirirdi.

Gununsesi.info