Rusiya ABŞ-ni yenidən danışıqlara cəlb etməyə çalışır

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında Filippinin paytaxtı Manilada keçirilən görüş başa çatıb.

Gununsesi.info xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, görüş 35 dəqiqə davam edib. ABŞ dövlət katibinin rəsmi iş qrafikinə əsasən, Rusiya xarici işlər naziri ilə görüş üçün təxminən yarım saat vaxt ayrılmışdı. Görüşün nəticələri ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Məsələyə münasibət bildirən siyasi şərhçi Məhəmməd Əsədullazadə Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu görüş ABŞ ilə Rusiya arasında Ukrayna məsələsi üzrə yeni danışıqlar üçün zəmin yaratmağa hesablanmışdı:

“Artıq bu görüşdən sonra ABŞ və Rusiyanın yenidən bir araya gəlməsi mümkün görünmür. Moskva Ankoric danışıqları formatına qayıtmağı təklif etsə də, Marko Rubio buna etiraz edib.

Qeyd edim ki, ABŞ Ukrayna–Rusiya müharibəsində vasitəçi deyil, tərəfdir. NATO-nun Ankara Zirvə Toplantısında Vaşinqton Avropa İttifaqı ilə birlikdə Ukraynaya dəstəyini davam etdirəcəyini göstərdi. Həmçinin Vaşinqtonun Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı lisenziya verməsi fonunda Kremlin ABŞ-dən vasitəçilik istəməsi sual doğurur.

Kreml Ukrayna müharibəsində dərin strateji bataqlığa düşdüyünü artıq anlayır. Vladimir Putinin ərazilərin mübadiləsi planından geri çəkildiyini bəyan etməsi də bundan irəli gəlir. Ümumiyyətlə, Kiyev öz ərazilərini niyə danışıq predmetinə çevirməlidir?

Hazırda Ukrayna daha üstün mövqedədir. Rusiya isə Ankoric danışıqları vasitəsilə Vaşinqtonun Kiyevə dəstəyini zəiflətməyə çalışır. Lakin ABŞ Prezidenti Donald Tramp artıq buna getməyəcək. Moskva birbaşa Kiyevlə danışıqlara başlamaq istəyir və gələn həftə nümayəndəsini Kiyevə göndərəcək”.

 

 

Şəbnəm

Gununsesi.info