“Rusiya keçmiş SSRİ məkanında olan respublikalar üçün təhlükə saçır”

“Donald Trampın ikinci prezidentliyi dövründə uzun illər formalaşmış liberal beynəlxalq nizam sürətlə zəifləməkdə davam edir. Beynəlxalq hüquqa etinasız yanaşaraq, real güc faktorunun dünyanın yeni nizamını necə formalaşdıracağı mübahisə doğurur. Heç şübhəsiz ki, Trampın Rusiya ilə bağlı güzəştli addımları, hətta bəzi şərhçilərin qeyd etdiyi kimi, Putini bunkerdən çıxarması, təcavüzə məruz qalan Ukraynanı maksimum dərəcədə sıxışdırması dərin sövdələşmələrdən xəbər verir”.
Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:
“Rusiya artıq böyük güc olmasa da, yalnız Ukrayna üçün deyil, həm də keçmiş SSRİ məkanında olan respublikalar üçün təhlükə saçır. Təbii ki, ABŞ prezidentinin strateji hədəflərində Rusiyanı İran məsələsində neytrallaşdırmaqla bərabər, bu ölkəni çox ucuz xammal bazasına çevirmək istəyi görünür. Həmçinin bu şəxsin digər planlarının da olması mümkündür.
Bəs, Tramp əvəzində Rusiyaya nə vəd edir?
Ukrayna cəbhəsində uğur qazanmayan, dəhşətli itkilər verən və imperiya iddialarından bir santimetr əl çəkməyən Şimal qonşumuz MDB məkanını arxa bağçası hesab edir. Hər zaman bu əraziləri öz nüfuz dairəsində saxlamaq üçün təhdidlər edir.Əgər Trampla bazarlıq uğurlu alınarsa, o zaman Rusiya belə istəklərini gerçəkləşdirməyə çalışacaq. Amma, lakin cənab Tramp ABŞ deyil. Bir gün o da pis, yaxşı yolla prezident taxtından gedəcək. Təbii ki, belə sövdələşmələr dövlətlərin müstəqilliyinə təhdid olmaqla bərabər, Amerikanın nüfuzuna da zərbə vuracaq. Digər tərəfdən həm Avropa, həm də keçmiş ittifaq respublikaları Moskvanın təhdidlərinin qarşısını almaq üçün adekvat addımlar atacağını proqnozlaşdırmaq olar. Şimal ayısı artıq o qədər gücdən düşüb ki, onu yenidən arenaya qaytarmaq, gücə çevirmək mümkünsüzdür”.
Firuzə