Rusiya və Türkiyə Astanada anlaşa bilmədi

  • By admin
  • 06 İyul 2017 19:43

34

 

34İyulun 5-də Astanada keçirilən 5-ci Astana görüşü ciddi nəticələr verməyib. Hətta vəzifəsi optimizmi tələb edən BMT-nin Suriya təmsilçisi Stefan de Mistura deyib ki, Cenevrədəki görüşlərlə ciddi ümidli olmağa gərək yoxdur. Diplomat deyib ki, 10 iyulda başlayacaq Cenevrə görüşlərinə böyük olmasa da, ümidləri qalır.
Suriyanın BMT-dəki təmsilçisi, Astana görüşlərində Dəməşqi təmsil edən Bəşər Cəfəri isə növbəti dəfə Türkiyəni ittiham edib. Cəfəri bildirib ki, gərginliyi azaltma bölgələri planının qüvvəyə minməsi ilə bağlı anlaşma Türkiyə heyətinin müdaxiləsi ilə baş tutmayıb. Onun sözlərinə görə, bu səbəbdən Astana görüşü nəticələri xeyli zəif alınıb. Astana görüşünün, ümumiyyətlə, danışıqların nəticəsiz başa çatması və ya zəif nəticə olması Suriyadakı proseslərə ciddi təsir edəcək.

Bu arada iyulun 6-da Rusiya hökuməti Suriya ilə imzalanmış Rusiya hərbi hava qüvvələrinin Suriya ərazisində yerləşdirilməsi haqqında müqaviləni Dumaya göndərib. Adı gedən anlaşma 2015-ci ilin 26 avqustunda imzalanıb və bununla da Rusiyanın faktiki olaraq Suriyada hərbi əməliyyatları başlayıb.

Suriya mövzusunda Astanada anlaşmanın əldə olunmaması onu göstərir ki, Cenevrədə geniş formatda hansısa razılaşmanın əldə olunması mümkün olmayacaq. Çünki Suriya danışıqlarında ən yaxın format Rusiya, Türkiyə və İranın əsasını qoyduğu Astana formatı idi. Hətta Astana formatı Suriyada atəşkəsə nail olmuşdu. Bundan başqa İdlib, Hama-Humus, Dəməşq və Dəra bölgələrində atəşkəs zonalarının yaradılması ilə bağlı razılaşma əldə etmişdi. Ancaq indi görünən odur ki, Türkiyə tərəfi məhz atəşkəs bölgələri mövzusunda Rusiya və İranla, yaxud da Suriya hökumətinin təklifləri ilə razılaşmayıb. Yeri gəlmişkən, bir qədər əvvəl mediada Türkiyə hərbi birliklərinin İdlib bölgəsinə yerləşdiyi haqda xəbərlər yayılmışdı. Çünki əldə olunmuş razılığa əsasən İdlibdə Türkiyə, Dəməşq və Hama-Humusda İran və Rusiya, Dərada isə ABŞ və İordaniya təhlükəsizliyi təmin edəcək.
İndi isə məlum olur ki, Rusiya, Türkiyə və İranın öz aralarında da ciddi fikir ayrılıqları var. Mümkündür ki, anlaşmanın əldə olunmamasında Suriyanın şimalındakı vəziyyətin rolu olub. Məsələ ondadır ki, Türkiyə hökuməti Suriyanın şimalında, Hatay vilayətinə yaxın ərazidə Afrin şəhəri və ətrafına əməliyyata hazırlaşır. Sözügedən bölgələr hazırda YPG-nin nəzarəti altındadır. Türkiyə isə anklav şəklidə əraziyə kürdlərin nəzarət etməsini və bu bölgənin Suriya-Türkiyə sərhədlərini əhatə etməsindən narahatdır. Son günlər Türkiyə mətbuatı bir neçə dəfə Türkiyənin Afrində əməliyyata başlayacağı haqda məlumat yayıb. Artıq Türkiyə rəsmiləri də ikinci bir Suriya əməliyyatının başlayacağını bildiriblər. 7 min hərbçinin iştirak edəcəyi əməliyyat iki ay davam edəcək və kürdlər bölgədən çıxarılması ilə başa çatacaq. Əməliyyat zamanı bölgədəki 41 YPG mövqeləri məhv ediləcək. Artıq ötən günlərdə Türkiyə ordusu Afrin və ətrafını top atəşinə tutub.

Ancaq əməliyyat öncəsi Astanada anlaşmanın əldə olunmaması Suriyada Türkiyənin növbəti əməliyyatı ilə bağlı suallar yaradır. Hər halda yaxın günlərdə Türkiyə və Rusiya arasında yeni anlaşma əldə olunmasa, o zaman Türkiyənin növbəti əməliyyatı üzərində ciddi şübhələr yaranır. Çünki kürdlər ABŞ aviasiyasının dəstəyinə ümid edir. Buna qarşı isə Türkiyəyə Rusiyanın dəstəyi lazım olacaq.

Gununsesi.info