Rusiya və Ukrayna əsirləri dəyişib

Rusiya və Ukrayna “205-in 205-ə” formulu üzrə hərbi əsir mübadiləsi həyata keçirib.

Gununsesi.info bildirir ki, bu barədə məlumatı həm Rusiyanın Müdafiə Nazirliyi, həm də Ukrayna prezidenti Volodimir Zelenski yayıb.

Zelenskinin sözlərinə görə, bu proses “1000-in 1000-ə” formulu üzrə planlaşdırılan daha böyük mübadilənin ilk mərhələsidir. Rusiya Müdafiə Nazirliyi isə öz bəyanatında bu məqama toxunmayıb. Qurumun məlumatına görə, azad edilən rusiyalı hərbçilər ilkin olaraq Belarus ərazisinə aparılıb. Qeyd olunub ki, növbəti mübadilə prosesi də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub.

Ukraynanın hərbi sahədə ixtisaslaşmış “DeepState” Telegram kanalı azad olunanlar barədə məlumat paylaşıb: “Vətənə qayıdan ukraynalı hərbçilərin, demək olar ki, hamısı dörd il idi ki, əsirlikdə qalırdı. Onların böyük əksəriyyəti Mariupolun müdafiəsi zamanı əsir düşənlərdir”.

 

Gununsesi.info