
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub.
Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl A.Allahverənov barəsində federal və beynəlxalq axtarış elan olunmaqla yanaşı, barəsində qiyabi həbs qətimkan tədbiri də seçilib.
Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir. İfadəsi alındıqdan sonra A.Allahverənov Xabarovskdakı 1 saylı istintaq təcridxanasına göndəriləcək. A.Allahverənov barəsində ölüm fakt ilə bağlı cinayət işi açılıb və onu 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin “Qalereya” kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.
Gununsesi.info










