Rusiyanın iştirakçısı olduğu bütün məsələlərdə başqa ölkələrə təhlükə var

  • By admin
  • 18 Dekabr 2020 15:39

 

Vaşinqton 2017-ci ildə Rusiyadan S-400 sistemləri aldığına görə bu həftə Türkiyəyə sanksiyalar tətbiq etmək qərarı ilə Ankaranın bu yaxınlarda regionda, o cümlədən Dağlıq Qarabağda oynadığı rol arasında hər hansı əlaqə olduğunu istisna edib.

“Türkiyəyə qarşı CAATSA sanksiyalarının (Amerikanın sanksiyalar vasitəsilə düşmənlərinə qarşı mübarizəsi haqqında Qanun) tətbiq edilməsindən bəhs edirsinizsə, onlar birbaşa S-400 sisteminin alınması ilə bağlıdır”. Bu barədə telebrifinq zamanı ABŞ dövlət katibinin köməkçisi R.Klark Kuper Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.

Türkiyə müttəfiqi və NATO üzvü olduğuna görə ABŞ NATO üzvü tərəfindən Rusiyaya məxsus raket əleyhinə sistemdən istifadə ilə əlaqədar yaranmış problemin həlli üçün “çox ehtiyatlı tədbirlər görüb”.

“Biz əslində sanksiyalardan yayınmaq və Türkiyəni F-35 proqramında saxlamağın yolunu tapmağa çalışdıq. İlk addım Türkiyənin Joint Strike Fighter proqramından çıxarılması oldu, bu da Birləşmiş Ştatlar və digər tərəfdaşlarımız üçün asan qərar deyildi”, deyə o bildirib.

Bu həftə sanksiyalar tətbiq edilməsinə gəlincə, onlar “istənilən vaxt tətbiq edilə bilərdi”.

Türkiyə prezidentinə və Türkiyənin hərbi-sənaye kompleksinin dörd yüksək vəzifəli məmuruna qarşı iqtisadi sanksiyalar Moskvadan silah və digər hərbi avadanlıqların alınması mümkünlüyünü nəzərdən keçirən digər ölkələrə də xəbərdarlıq idi.

Ortaq maraqlarımız olduğuna görə, sanksiyalar “kursa düzəliş edilməsi vasitəsidir”, deyə Kuper bildirib. “Sanksiyaların bütün ideyası ondan ibarətdir ki, onlar əbədi olaraq qüvvədə olmur. Onlar həqiqətən barışıq və kursa düzəliş edilməsi üçün imkan yaradır”.

Uzaq gələcəkdə Vaşinqton Türkiyənin NATO alyansında qalmasını istəyir. “Birləşmiş Ştatlar sıx ikitərəfli münasibətləri davam etdirmək istəyir. Bizim üçün barışığa can atmamaq sərfəli olmazdı”.

“Biz bütün tərəfdaşlarımızı Rusiyadan silah almaqdan yayınmağa çağırırıq. Onlar Amerika silahı almaq məcburiyyətində deyillər, amma bizim təkliflər daha yaxşıdır. Digər müttəfiqlərimiz və NATO-dan olan tərəfdaşlarımız da effektiv sistemlər təklif edirlər”.

Turan-ın müxbiri Kuperdən Vaşinqtonun Rusiyanın Cənubi Qafqaza, daha dəqiq isə Dağlıq Qarabağa daxil olmasından narahat olub-olmaması və ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstanın Rusiyanın təsirinə müqavimət göstərməsinə kömək etməyə hazır olub-olmaması barədə də soruşub.

“… Əlbəttə, razıyam ki, Rusiyanın iştirakı olan yerdə bütün cəlb edilmiş dövlətlər və tərəflər üçün pozuntu riski və problem mövcuddur”, deyə dövlət katibinin köməkçisi bildirib.