Rza Drakon: “Bir şəhid ailəsinin daxili dünyasını yaşaya bilməzsiniz”

  • Müəllif: Orxan
  • 08 Sentyabr 2026 10:37

Şəhid gizir Xudayar Yusifzadənin anası Radə Qurbanova ətrafında son günlər gedən müzakirələr cəmiyyətdə ciddi rezonans doğurub. Şəhid anasının davranışları ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, onun müdafiəsinə qalxanlar da az deyil.

Gununsesi.info xəbər verir ki, aktyor Rza Drakon da müzakirələrə münasibət bildirib.

O, orta rütbəli məmurların yaxınlarının rayonlarda özlərini necə apardığı ilə şəhid ailələrinin hüquq və tələblərinə münasibət arasında müqayisə aparıb.

“Orta rütbəli bir məmurun övladları, valideynləri, bacı-qardaşı və yaxın qohumları rayonlarda meydan sulayır, ‘Burada bizik, Bağdadda kor xəlifə’ prinsipi ilə hərəkət edirlər!” – deyə aktyor yazıb.

Rza Drakon daha sonra şəhid ailələrinin hüquqları məsələsinə toxunub:

“Amma bir şəhidin ailə üzvləri “Mən şəhid anasıyam, atasıyam, qardaşıyam, bacısıyam” deyib hüququnu tələb edə, əlavə imtiyaz istəyə bilməz? Niyə? Deyin, biz də bilək!”

Aktyor şəhid ailələrinin yaşadığı ağrının kənardan tam dərk edilməsinin mümkün olmadığını vurğulayıb:

“Bir şəhid ailəsinin daxili dünyasını yaşaya bilməzsiniz. Ən yaxşı halda adam olsanız, onların yaşadıqlarını anlayar və dərk edə bilərsiniz! Ən azından adam olun…”

Elmar

Gununsesi.info