“Səhra kimi uzanardım altında, canına çəkərdin qadınlığımı” - AYSEL ƏLİZADƏDƏN EROTİK ŞEİR

  • By admin
  • 02 Dekabr 2017 11:54

Tanınmış gənc şairə Aysel Əlizadənin facebook profilində paylaşdığı erotik şeiri son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələyə çevrilib.

Gununsesi.info bunu nəzərə alaraq Ayselin iki şeirini təqdim edir:

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.
Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.
Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın…
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.
Kaş gözəl ayrılardıq…
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın, Sənə bir İsa doğardım ki…

Aysel Əlizadənin II şeiri:

Hər ay
bətnində qanlı savaş başlayır qadının.
Alınmaz qalaya çevrilir bədəni.
Biz qadınlığımızı qanla ödəyirik, siz anlamazsız bunu…
Yaralı əsgər kimiyik.
Həyatımız savaşlarda keçir.
Biz azadlığı döyüşərək alırıq.
Hər yerimizdən yaralanırıq.
Qazanmağına qazanırıq,
amma sonra
Ömrümüz boyu yara sağaldırıq.
Biz qadınlığımızın əvəzini
qanla ödəyirik.

Gununsesi.info