Sənədsiz evlərin sahiblərinə şad xəbər - İLİN SONUNA KİMİ PROBLEMİNİZ HƏLL OLUNA BİLƏR

  • By admin
  • 11 Aprel 2018 10:17

İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdən düşmür. Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil olmayıb.

Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı.

2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib:

“Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.

Amma görünən odur ki, cənab prezidentin dediyi kimi, xoşniyyətli təşəbbüsdən qaz vurub qazan dolduranlar var. Əks halda sənədləri qaydasında olan vətəndaşları min bir bəhanə ilə get-gələ salmazdılar. Ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.
Fərmanın verilməsində 3 il keçməsinə baxmayaraq hələ də vətəndaşlar evlərin və torpaq sahələrinin özəlləşdirilməsində bürokratik ənəgəllərlə qarşılaşırlar.

İqtisadçı Vüqar Bayramov Modern.az-a bildirib ki, prezident seçkilərindən sonra sənədsiz evlər probleminin həlli sitiqamətində real addımlar atılacaq:

“Hazırda hökmuət tərəfindən araşdırmalar aparılır. İlkin mərhələdə hansı evlərin sənədləşdiriləcəyi müəyyənləşdirilir. Əmlak Məsələləri Dövlət Komitəsi də həmin araşdırmaların aparılmasında iştirak edir. Komitə sənədsiz evlərin sənədləşdirilməsində maraqlı olan qurumlardandır. Məlumdur ki, bəzi evlər təhlükəli, yüksək gərginlikli xətlərin altında, neft çıxarılan sahələrə yaxın inşa edilib. Bütün bunlar nəzərə alınaraq, araşdırmalar aparılır. Güman olunur ki, prezident seçkilərindən sonra ən azı bələdiyyədən sənədi olan, amma dövlət qurumları tərəfindən qanunsuz tikili hesab edilən evlərin sənəd problemi həllini nəhayət ki tapacaq. Bunun üçün konkret mexanizmlərin tətbiqi nəzərdə tutulub. Bizdə olan məlumata görə hökumət bu istiqamətdə işlərə başalayıb”.

Ekspert bildirib ki, söhbət 500 mindən çox sənədsiz evdən gedir:
“Bəzi məlumatlarda rəqəmlərin daha çox olduğu istisna edilmir. Hansı ki, bu evlərin əhəmiyyətli hissəsi paytaxt və paytaxta yaxın ərazilərdə yerləşir. 2018-ci ilin sonlarına qədər sənədsiz evlər probleminin həll ediləcəyi, hökumət tərəfindən real addımların atılacağı gözlənilir. Həmin evlərin invertar dəyərinin və mülkiyyət hüququnun formalaşması büdcəyə daxilolmalar baxımından, eyni zamanda əmlak sahiblərilə hüquqi müstəvidə münasibətlərin formalaşması baxımından vacibdir”.

Gununsesi.info