Sənətimizin, Mədəniyyətimizin Ağa-XANı… - Ruhun şad olsun, Ağaxan müəllim!

  • By admin
  • 25 Dekabr 2016 18:27

a

Böyük sənətkar, gözəl muğam ustası-xanəndə, Xalq artisti Ağaxan Abdullayevin dünyasını vaxtsız dəyişməsi Azərbaycanımız üçün çox böyük itkidir…

Onunla təxminən 20 il öncə, səhv etmirəmsə, 1997-ci ilin yanvar-fevral ayları olardı, Bakıda- Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərindən birində baş tutan bir məclisdə-gözəl, istedadlı sənətçi, xanəndə, dostum Zahid Quliyevin oğlunun kiçik toyunda olmuşduq… Toyda mənimlə eyni masada da əsasən gənclər oturmuşdu…Heç birini də tanımırdım… Birdən məclisə Ağaxan müəllim də daxil oldu, təşrif buyurdu ( Zahidin həm sənət yoldaşı, həm sənət müəllimi, həm də dostu kimi)… Və gəlib yüksək ədəb-ərkanı, özünəxas ağayanalığı ilə bizdən qabaqdakı masada əyləşdi – sənətçi dostları ilə birgə…Əyləşməyi ilə də dərhal arxaya-biz tərəfə dönməyi, çevrilməyi də bir oldu… “Gənclər arxamı sizə çevirdiyim üçün məni yəqin ki, üzlü sayarsınız…Üzr istəyirəm sizdən…” dedi…

İçi mən qarışıq hamını heyrət bürüdü, hamımız sanki şokdaydıq…Bu cür böyük sənətkar özündən 20-25 yaş aşağı (bəlkə də çox) olanlardan üzr istəyirdi…Nadir hallardan-hadisələrdən biriydi…Hamı bir anda özünə gəlib, bir ağızdan “Allah eləməsin, Ağaxan müəllim, nə üzrxahlıq, biz sizdən üzr istəyirik, ürəyiniz necə istəyirsiniz, elə də əyləşin…” dedik…O da gənclərin bu davranışından məmnunluq duyub bir daha minnətdarlıq  və öz sənət sənət yoldaşları ilə məclisdə iştirakına davam etdi…

Həqiqətən də böyük, hətta, korifey sənətkar olmaq olar, amma İnsan, Bütöv, Böyük Şəxsiyyət olmaq heç də hər sənət adamına (xüsusən də zəmanəmizdə, özü də təkcə sənət adamlarına yox, əksər sahələrin adamlarına) xas olan keyfiyyət deyil…Baxırsan ki, normal, hətta, böyük sənətçidir, gözəl səsi, ifası, sənəti var, ifadəmə görə üzrlər- amma beş qəpiklik insanlığı-səmimiyyəti-alicənablığı yoxdur…Ağzını açmağı ilə bir andaca sənəti də özü qarışıq gözündən düşür…Amma Ağaxan müəllim həqiqətən də Böyük Sənəti ilə Şəxsiyyəti üst-üstə düşən nadir, azsaylı Nəhənglərimizdən, Azmanlarımızdan biridir, biri idi…

Eyni zamanda, əksər (içində böyük sənətçilətimiz də olub və var) sənətçilərimiz dedi-qodunu, intriqanı sevsələr də, həmçinin, özlərindən başqa heç kimi sevməsələr, tərifləməsələr də, Ağaxan müəllim belə deyildi…Onun bu illər ərzində bir dəfə də olsun ki, kiminsə əleyhinə nəsə danışdığının, kiminsə qarasınca haqlı-haqsız deyindiyinin şəxsən şahidi olmamışam və olmaşımam…Kimsə də bunu deyə, iddia edə bilməz… Əksinə, həmişə hamı haqda (hətta, özündən qat-qat zəif sənətçilər və yaxud, sənətə yeni qədəmlərini atan yeniyetmələr-gənclər haqda ) yüksək, müsbət fikirlərini ortaya qoyub… AzTV ilə yayımlanan nüfuzlu və baxımlı Muğam müsabiqələrindəki yüksək davranışı-alicənablığı da bunu bir daha əyani sübut edir(di)…

Onun bir az öncə ölüm xəbərini eşidəndə də sanki öz əzizlərimdən, yaxınlarımdan birinin ağır-acı xəbərini almışam, eşidirmişəm kimi çox sarsıldım, çox üzüldüm, çox pis oldum… Azərbaycanımız  Sənət Dünyamızın, Mədəniyyətimizin Ağa-XANı olan Ağaxan müəllimin timsalında doğrudan da, özünün Böyük Sənətçisini, Böyük İnsanını itirdi…Çox ağır və kədərli hadisədir…

Allahın işinə də qarışmaq olmaz, özü bilən məsləhətdir…Amma Ağaxan müəllimə bu yaşda ölüm yaraşmırdı, özü də heç yaraşmırdı… Çox təəssüflər olsun…
Allah məkanını cənnətlik, məzarını huzurlu etsin.

Amin!

kamil-hemzeoqlu

Kamil HƏMZƏOĞLU

Gununsesi.info