Səudiyyə Ərəbistanının 11 şahzadəsinin həbs olunma SƏBƏBLƏRİ - FOTOLAR

  • Müəllif: admin
  • 06 Noyabr 2017 12:20

Şənbə günün Ər-Riyadın mərkəzi küçələrində polislərin sayı xeyli artmışdı. Beynəlxalq hava limanında xüsusi təyinatlı hərbçilər də polislərlə birlikdə dolaşırdılar.

Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, mərkəzdəki “Ritz Carlton” otelindəki müştərilərə “buranı müvvəqqəti olaraq tərk etməyiniz gərəkdir” deyiləndən sonra onlar digər otellərə köçürülmüşdülər. Hesabı dövlət ödəyirdi.

Üstəlik, hava limanlarında təyyarələrin eniş-uçuş qrafikinə də dəyişikliklər edilmişdi.

Səudiyyə Ərəbistanının paytaxtında belə tədbirlərin səbəbi sən demə, yüksək vəzifəli məmurlarla bir neçə şahzadənin ölkəni “təsadüfən” və “qəfil” tərk etməsinin qarşısını almaqmış.

… Ötən həftənin şənbə axşamı Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz ibn Əbdürrəhman əl Səud çox geniş səlahiyyətlərə malik antikorrupsiya komitəsinin yaradılması barədə fərman imzaladı. Komitəyə istənilən şübhəli şəxsi həbs etmək, onun azadlığını və hərəkətlərini məhdudlaşdırmaq, habelə maliyyə aktivlərini dondurmaq imkanları verildi.

Komitənin sədri isə kralın oğlu və vəliəhd şahzadə, habelə müdafiə naziri Məhəmməd oldu.

Fərman imzalanandan cəmi bir neçə saat sonra, gecə saatlarında Səudiyyə Ərəbistanında yetərincə nüfuz və varidat sahibi olan bir sıra şəxslər həbs olundular. Onların arasında kral ailəsinin üzvləri də vardı.

11 şahzadə və 38 yüksək vəzifəli məmur tutuldu.

Tutulanlar arasında ən məşhuru şübhəsiz ki, dünyanın ən varlı adamlarından biri, Apple və Twitter-də belə, pay sahibi olan şahzadə əl Valid bin Təlaldır.

62 yaşlı şahzadə son vaxtlar Ər-Riyadda qıcıq yaradan mövzularda müsahibələr verirdi: məsələn o, bitkoin və efirium kimi kriptovalyutalardan istifadədən, Səudiyyə Ərəbistanında neft hasilatını inhisarlaşdırmış “Saudi Aramco” dövlət neft şirkətinin özəlləşdirilməsindən danışırdı.

Üstəlik, şahzadənin ABŞ-ın siyasi və maliyyə elitası ilə münasibətləri də pisləşmişdi. Məsələn, hələ 2015-ci illərin sonlarında o, həmin dönəmlərdə ABŞ prezidentliyinə namizəd Donald Trampla çox kəskin mübahisə etmişdi.

Ötən ay Ağ Evin bir neçə yüksək rütbəli mənsubu, o cümlədən D.Trampın kürəkəni Cared Kuşner Ər-Riyada yollanaraq Səudiyyə Ərəbistanının rəhbərliyi ilə bağlı qapılar arxasında danışıqlar aparmışdılar.

Həmin danışıqların məzmunu barədə heç bir rəsmi açıqlama verilməyib.

Dünən Səudiyyə Ərəbistanının Milli Qvardiyasının komandanı, şahzadə Mütaib ibn Abdulla və onun qardaşı, Ər-Riyadın sabiq qubernatoru Turki ibn Abdullah da tutulublar.

Həbs olunan şahzadələrdən biri də krallığın Metereologiya və Ətraf Mühitin Mühafizəsi Xidmətinin rəhbəri Turki ibn Nasirdir.

Tutulanlar arasında milyarderər – mediamaqnat Valid İbrahim, maliyyəçi Salih Kamal, “Əl Qaidə” terror təşkilatının məhv edilmiş rəhbəri Usamə bin Ladinin kiçik qardaşı, inşaat maqnatı Bəkr bin Ladin, habelə Ciddənin sabiq meri və keçmiş əmək naziri, hazırda iqtisadiyyat naziri Adil Faqih, dövlət naziri Məhəmməd ət Tubeyşi də var.

Xatırladaq ki, Kral Protokol Xidmətinin rəhbəri olmuş M. ət Tubeyşi kral Salmanla Mərakeş kralı 6-cı Məhəmmədin görüşü zamanı jurnalisti şapalaqladığı üçün vəzifəsindən qovulmuşdu.

Tutulanların siyahısının genişlənəcəyi gözlənilir.

Həbslərin təşəbbüskarının 32 yaşlı vəliəhd şahzadə Məhəmməd ibn Salman olduğu deyilir.

Müdafiə naziri təyin edilmiş şahzadə Məhəmməd ölkənin güc strukturlarına artıq tam nəzarət edir. Daxili işlər naziri, şahzadə Məhəmməd ibn Nayif tutulub ev dustağı edildiyindən DİN faktiki olaraq şahzadə Məhəmmədin nəzarətindədir.

Son vaxtlar Səudiyyə Ərəbistanında başlanmış islahatların və liberallaşmanın da təşəbbüskarının şahzadə Salman oduğu deyilir. Əgər qadınlara avtomobil idarə etməyə icazə verlməsi və din xadimlərinin hazırlanmasının yeni, daha liberal sisteminin tətbiqi səudi elitasının fərqli qruplaşmaları tərəfindən çətinliklə olsa da, “uduldusa”, şahzadənin ötən həftə “Səudiyyə Ərəbistanında mülayim İslam dövrü başlanır” bəyanatı görünür, mühafizəkarların ciddi narazılığına səbəb olub.

Şahzadə Məhəmməd də gözləməyərək rəqiblərini qabaqlamaq, ilk zərbəni vurmaq qərarına gəlib.

O da maraqlıdır ki, saxlananlar və tutulanlar arasında Səudiyyə Ərəbistanının tanınmış din xadimlərindən kimsə yoxdur. Bununsa iki səbəbi ola bilər: ya şahzadə Məhəmməd nüfuzlu din xadimlərinin, tanınmış şeyxlərlə danışıqlar apararaq onları razı sala bilib, ya da din xadimləri artıq ölkənin böyük siyasətindən kənarlaşdırılıblar və qərarların qəbuluna əsla təsir edə bilmirlər.

Bu da “mülayim islam” strategiyasına tam uyğundur.

Tutulan 11 şahzadə və 38 yüksək rütbəli məmurların həbs səbəbi kimi “mütəşəkkil korrupsiya və çirkli pulların yuyulması” göstərilir. Fəqət bu, sadəcə, rəsmi açıqlamalardır. Gerçək səbəbinsə Səudiyyə Ərəbistanında siyasi, sosial və iqtisadi islahatları süngü ilə qarşılayan, şahzadə Məhəmmədin yeni kursuna maneələr yaratmağa çalışan “retroqrad”ların meydandan çıxarılması, mərhum kral Abdullanın ailəsinin maraqlarını dövlətin mənafelərindən üstün tutanların idarəetmədən kənarlaşdırılması olduğu vurğulanır.

Təsadüfi deyil ki, həbs edilənlərin arasında şahzadə Valid bin Təlalla bahəm, ölkədəki 3 telekommunikasiya şəbəkəsinin sahibləri, Milli Qvardiya və Hərbi-Dəniz Qüvvələrinin komandanları, iqtisadiyyat və planlaşdırma naziri də var.

Yaşananların səbəbləri çoxdur və onların arasında gənc şahzadə Məhəmmədin mövqelərini möhkəmlətmək istəyi, kral Salmanın hakimiyyəti tərk etdəcəyi zaman “kənarlaşma” prosesinin mümkün qədər asanlaşdırılması, xarici siyasətdəki dəyişikliklərə yerli mühafizəkar elitaların müqavimətinin qarşısının alınmasıdır.

Səudiyyə Ərəbistanı son vaxtlar ABŞ-a birmənalı “stavka” və güvənmə siyasətindən uzaqlaşmağa başlayıb. Bu, kral Salmanın Moskvaya səfərindən sonra daha aşkar nəzərə çarpdı. Səfər dünya bazarlarında neft qiymətlərinə də təsir etdi: kral Salman hələ Moskvada ikən “qara qızıl” bahalaşmağa başladı. Daha sonra Səudiyyə Ərəbistanının neft naziri Rusiya ilə dostluqdan danışmağa, səudi generallarsa Rusiyanın S-500 zenit-raket kompleksini tərfiləməyə başladılar və dedilər ki, tək ABŞ-dan yox, həm də Rusiyadan silah və hərbi texnika almaqda pis heç nə yoxdur.

Səudiyyə Ərəbistanın Yaxın Şərqdə geosiyasi mövqelərinin də zəifləmə təhlükəsi ilə qarşılaşdığını unutmayaq – belə ki, Yəməndəki əməliyyat uğursuzluğa düçar olub – yəmənli “husi”lər hətta Səudiyyə Ərəbistanına ballistik raketlər atırlar.

Suriyada Bəşər Əsədi devirmək planları alınmadı, Ər-Riyadın istifadə etdiyi qruplaşmalar indi Türkiyənin nəzarətindədir.

Qətərin tam blokadaya alınması və Dohaya qarşı embarqolarla sanksiyaların sərtləşdirilməsi planları da İranla Türkiyənin prosesə müdaxiləsi sayəsində alınmadı. Ən ciddi məqam isə odur ki, Ər-Riyadın Tehrana qarşı “proksi-savaşı” baş tutmadı: Tehran Suriyada, İraqda, Yəməndə mövqelərini daha da möhkəmlətdi, Qətəri anti-İran koalisiyasından çıxara bildi, Rusiya və Türkiyə ilə əlaqələrini daha da intensivləşdirdi.

Bu səbəbdən İran, Suriya və Yəmənlə bağlı sərt mövqelərdən geri çəkilməsini, Rusiya ilə əlaqələrin normallaşdırılmasını bəyənməyən mühafizəkar dairələri zərərsizləşdirmək üçünn kral Salmanla oğlu şahzadə Məhəmmədin qabaqlayacı tədbirlərə əl atması paradoksal təsir bağışlamır.

Görünən budur ki, Yaxın Şərq bölgəsiniin geosiyasətində yeni tektonik sınmalar başlanıb.

Ər-Riyaddakı hadisələr yeni prosesin ilkin mərhələsidir.

Gununsesi.info