
Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində “İDEF-2017” XII Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərgidə 156 ölkənin müdafiə naziri, 105 ölkənin müdafiə sənayesi naziri, 14 ölkənin müdafiə nazirinin müavini, 7 ölkənin müdafiə sənayesi katibi, 23 ölkənin Baş Qərargah rəisi, 11 ölkənin Quru Qoşunları Komandanı, 29 ölkənin Hərbi Hava Qüvvləri komandanı, 8 ölkənin Jandarma Baş Komandanı olmaqla, ümumilikdə 156 ölkədən 353 rəsmi heyət dəvət olunub.
Belə ki, “İDEF-2017” XII Beynəlxalq Müdafiə Sərgisində Rusiyanı “Almaz-Antey” Şirkəti təmsil edəcək. “Almaz-Antey” Şirkətindən verilən məlumata görə, sərgidə satışına icazə verilən xeyli sayda ən müasir hərbi texnikanın – “S-400”, “Buk-M2”, “Tor-M2E”, “Tor-M2K”, “Tor-M2KM”, “Tunquska-M1” və “Şilka-M4” kimi hava hücumundan müdafiə sistemlərinin maketləri nümayiş etdiriləcək.
Bunlardan başqa Rusiya sərgidə “Baykal-1ME” və “Fundament-E” kimi sistemlərinin də təqdimatını keçirəcək.
Qeyd edək ki, sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin və digər güc strukturlarının da yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Anar
Gununsesi.info









