Xalq şairi Sabir Rüstəmxanlı dağətəyi rayonlarda sel fəlakətlərinin yaratdığı problemlərlə bağlı fikirlərini bölüşərək çay yataqlarının vaxtında təmizlənməsinin vacibliyini vurğulayıb.
Gununsesi.info-nun xəbərinə görə, Sabir Rüstəmxanlı bildirib ki, hər il dağlardan gələn sel suları evləri, yolları və kənd təsərrüfatı sahələrini yararsız vəziyyətə salır.
Onun sözlərinə görə, yay aylarında kiçik arxa çevrilən çaylar leysan yağışları və qarın əriməsi nəticəsində daşaraq yüzlərlə metr genişliyə yayılır, torpaqları sıradan çıxarır, bağ və əkin sahələrinə ciddi ziyan vurur.
Rüstəmxanlı qeyd edib ki, bunun əsas səbəblərindən biri də çay yataqlarının illər ərzində selin gətirdiyi daş, qum və çınqılla dolaraq dayazlaşmasıdır.
O hesab edir ki, sel təhlükəsinin qarşısını almaq üçün çay yataqları ilboyu nəzarətdə saxlanılmalı, toplanmış daş və çınqıl mütəmadi şəkildə təmizlənməlidir.
Sabir Rüstəmxanlı eyni zamanda diqqətə çatdırıb ki, rayonlarda yerli əhalinin bu təbii sərvətlərdən istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq olunur.
Onun fikrincə, dövlət qurumları və iri tikinti şirkətləri illərlə çaylardan daş və çınqıl çıxarsalar belə, bu ehtiyatlar tükənməz. Buna baxmayaraq, yerli sakinlərin öz evlərinin tikintisi və ya təmiri üçün həmin materiallardan istifadə etməsinə icazə verilməməsi doğru yanaşma deyil.
O, həmçinin xatırladıb ki, vaxtilə Balakən, Zaqatala və Qax rayonlarında inşa edilən bir çox evlər məhz çay daşından tikilib:
“Çay yataqları təmizlənmədikcə hər yeni seldə daha çox daş və çınqıl toplanır, nəticədə sel suları daha geniş ərazilərə yayılır, daha çox torpaq istifadədən çıxır və daha çox evə ziyan dəyir. Belə bir şəraitdə sel nəticəsində dağılan ev və hasarların bərpası üçün sakinlərə çaydan bir maşın qum və ya çınqıl götürməyə icazə verilməməsi anlaşılmazdır. Kənardan gələn şirkətlər bu materialları daşıya bilir, amma yerli camaat onlardan istifadə edə bilmir. Ekoloji fayda vermək əvəzinə ekoloji ziyan yaradan bu qadağa aradan qaldırılmalıdır”, – deyə Sabir Rüstəmxanlı vurğulayıb.
Orxan











