Sahib Məmmədov: “İcbari sığorta sistemində ciddi problemlər qalmaqdadır”

  • By admin
  • 16 Avqust 2016 15:27
sahhhh
 
“Son bir ildə istehsalatda bədbəxt hadisə nəticəsində 50 nəfər ölüb, 111 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb”.
Bu barədə Gununsesi.info-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınn rəhbəri  Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, istehsalatda bədbəxt hadisə nəticəsində peşə-əmək qabiliyyətini qismən itirən şəxslər və ya bu hadisə nəticəsində həlak olanların ailələri qanunvericiliklə nəzərdə tutulan yardımların edilməsinə baxmayaraq bu sahədə hələ də, ciddi problemlər qalmaqdadır. S. Məmmədov deyib ki,belə bir statistika  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İstehsalatda Bədəbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sistemi. Mövcud vəziyyətin monitorinqi” adlı layihənin icrası zamanı bəlli olub.
Layihə haqqında məlumat verən S. Məmmədov deyib ki, məqsəd   əmək bazarında işçilərin ədalətli və əlverişli əmək şəraitinin təmin olunması, o cümlədən onların bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyətin öyrənilməsi və müvafiq hesabatın və  tövsiyə sənədinin hazırlanması nəzərdə tutulub.
“Layihəyə əsasən 2016-cı ilin  aprel-iyul ayları ərzində xüsusi metodologiya əsasında və müxtəlif monitorinq alətləri tətbiq etməklə istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin minimuma endirilməsi üçün həyata keçirilən tədbirlər, onların nəticələri, problemlər və onu doğuran səbəbləri öyrənmiş və monitorinqin nəticələrinə uyğun hesabat hazırlanıb. Hesabat qanunvericiliyin təhlili,  qanunvericiliyin tətbiqi praktikası və  siyasətin formalaşmasına dair tövsiyələr hissələrindən ibarətdir”- o, qeyd edib.
S.Məmmədov deyib ki, monitorinq zamanı istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığortaya dair qanunvericiliyin tətbiq edildiyi  6 il müddətində əhəmiyyətli dərəcədə proqres əldə edilib. “Belə ki, bu müddət ərzində istehsalatda bədbəxt hadisə nəticəsində peşə-əmək qabiliyyətini qismən itirən şəxslər və ya bu hadisə nəticəsində həlak olanların ailələri qanunvericiliklə müəyyən edilib. Onlar  birdəfəlik və ya aylıq kompensasiyaları alır və  onların müalicə xərcləri sığorta şirkətləri tərəfindən qarşılanıb. Buna  baxmayaraq bu sahədə hələ də ciddi problemlər qalmaqdadır. Belə ki, formal əmək bazarı üzrə  göstəricilərə nəzər saldıqda görünür ki, 2015-ci ildə sığorta olunanların sayı 1 067 600 nəfər təşkil edib. Halbuki, rəsmi statistikaya görə məşğul əhalinin sayı 4 milyon 556 nəfərdir. Beləliklə 2015-ci ildə faktiki məşğul olub icbari sığortaya cəlb olunmyanların sayı 3 488 400 nəfər təşkil edib. Bu şəxslər sığorta hadisəsi baş verdikdə əksəriyyət hallarda kompensasiya ala bilmirlər. Belə ki, sığorta olunmayan işçilərin sağlamlığına dəyən ziyanın əvəzini işəgötürən ödəməlidir. Əmək müqaviləsi olmadan işləyən və qeyri-formal əmək bazarının iştirakçısı olan işçilər təbii ki, hadisə baş verdikdə onu məhkəmə qaydasında sübut etməlidir. Bu isə praktiki baxımdan  olduqca çətindir”- deyə, SMəmmədov vurğulayıb.
O, əlavə edib ki, formal əmək bazarı üzrə göstəricilər də o qədər yaxşı deyildir: “Belə ki, əmək müqaviləsi üzrə işləyənlərin 28,6 %-I istehsalatda bədbəxt hadisə və peşə xastəlikləri hallarından icbari sığorta olunmayıblar. Baxmayaraq ki, İnzibati Xətalar Məcəlləsində  işçilərini bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından sığorta etməyən hüquqi şəxs 5000 manat cərimə olunur. Yoxlamalara qoyulan moratoriumdan sui-istifadə halları çoxalmaqdadır. Əmək müqaviləsi ilə işləyənlərin sayını yuvarlaq olaraq 1,5 milyon qəbul etsək, onlardan 900 min nəfəridən çoxu dövlət sektorunda 600 minə qədəri isə özəl sektordadır. Bu 600 min nəfərin əksəriyyəti ilə əmək müqaviləsi ikili mühasibatlıq əsasında bağlanıb, yəni faktiki əmək haqqı ilə əmək müqaviləsində göstərilən əmək haqqı arasında bəzən bir neçə dəfə fərq olur”.
Bununla belə S. Məmmədov deyib ki, təşkilatın əvvəlki illərdə həyata keçirdiyi təhlillərlə müqayisədə istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sisteminin tətbiqinin effektivliyi artmaqdadır. 2015-ci ilə ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri halları üzrə sığorta ödənişləri 2 429 300 manat təşkil edib.
Mürtəza 
Gununsesi.info