Sahibkarlar süni qaydada qiymətləri qaldırır - EKSPERT

  • By admin
  • 05 Oktyabr 2016 12:50
qiymet
Azərbaycan hökuməti bəzi məhsullara gömrük rüsumlarının artırılması barədə sərəncamın tətəbiqi ilə yanaşı kəndli və fermerlərin bazara çıxışına olan süni maneçiliklər aradan qaldırılmalıdır.
Bunu Gununsesi.info-ya açıqlamasında  iqtisadçı ekspert  Vüqar Bayramov   bəzi məhsullara gömrük rüsumunun artırlması ilə bağlı qərara mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, ölkəyə idxal olunan məhsulların  böyük əksəriyyəti Azərbaycanda ya tam  istehsalı var və ya da böyük həcmdə istehsalı var. “Gömrük  rüsumu tətbiq olunan siyahıya nəzər salsaq görərik ki, orada elə bir məhsul yoxdur, Azərbaycanda istehsal olunmasın. Buna baxmayaraq belə,  gömrük rüsumlarının bazara psixoloji təsiri var. Çünki idxal olunan məhsulların xərclərində artım olduğundan qiymət artımı labüddür. Ancaq  iş adamlarının yaranmış durumdan istifadə edərək yerli məhsulların qiymətlərini süni qaydada artırmasını  anlamaq mümkün deyil”- deyə, ekspert vurğulayıb.
Ekspert  əlavə edib ki, çünki yerli məhsulların xərclərində hər hansı dəyişiklik baş vermədiyindən qiymət  süni qiymət artımını izah etmək olmur: “Məhz bu səbəbədən də bazarda müəyyən psixoloji durum yaranıb və vətəndaş ilkin mərhələdə daha çox  ərzaq alır ki, ən azından bir müddət bu qiymət artımından əziyyət çəkməsin. Bəzi işbaz iş adamları da yaranmış durumdan istifadə edib, qiyməti qaldırırlar”.
V. Bayramovun fikrincə, ölkəyə idxal olunan məhsulların qiymət rüsumu ona görə qaldırılıb ki, yerli məhsul ucuz olsun və alıcı yerli məhsul alsın, valyuta da ölkəyə qalsın. “Hökumət bu yolla yerli istehsalı artırıb, bazarda bolluq yaratmaqla idxalatı azaltmaq istəyir. Ancaq burada müəyyən problemlər var. Birincisi, yerli sahibkarlara, fermerlərə və kəndçilərə  bazara birbaşa çıxışına şərait yaradılmalıdır və onlara yaradılan süni maneələr aradan qaldırılmalıdır. Ona görə ki, bəzi məhsullar var ki, rayonlarla Bakıda kəskin fərqlənir. Hətta qiymətlər arasında 2-3 dəfə qiymət fərqi var. O baxımdan bu süni maneçiliklər aradan qaldırlmalıdır.
İkincisi, fermer və sahibkarala verilən subsidiyanın mexanizmi təkmilləşdirilməlidir. Hökumət bacardıqca fermer və sahibkara dəstəyini artırmalıdır. Belə olacağı təqdirdə bazarda  məhsull bolluğu yarana bilər və bu da öz növbəsində ucuzluğa yol açar. Ona görə də hökumət  idxal olunan məhsullara gömrük rüsumu tətəbiq etməklə yanaşı  iş adamlarına, kəndçilərə  dəstəyi artırmalı, onların birbaşa  bazarlara çıxışlarını asanlaşdırmalıdır. Bununla yanaşı təşviqedici işlər görülməlidir ki, xarici məhsulların bahalaşması fonunda yerli məhsulların qiyməti artırılmamalıdır.
Bundan əlavə olaraq istehsalın planlaşdırılmasına ehtiyac var”- deyə V. Bayramov bildirib.
 
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Gununsesi.info-ya açıqlamasında  deyib ki, hökumətin gömrük rüsumunun artırılması ilə bağlı son qərarı yerli istehsalın güclənməsinə, sahibkarlığın inkişafına, rəqabət qabiliyyətli ixrac yönlü məhsul istehsalının güclənməsinə, xüsusilə də yerli istehsalın dəstəklənməsinə yönəlik bir addımdır: “Gömrük rüsumunun dəyişdirilməsi ilə bağlı qərar o mallara aid edilib ki, onların Azərbaycanda istehsalı genişdir və özünü təminat səviyyəsi yüksəkdir. Gömrük rüsumları dəyişdirilən idxal məhsullarında qiymət dəyişikliyi ola bilər. Yerli məhsullarda isə qiymət dəyişikliyi olmamalıdır”.
Qeyd edək ki, hökumətin bəzi məhsulların gömrük rüsumlarının artırılması ilə bağlı qərarı hələ qüvvəyə minməsə də, marketlərdə artıq bahalaşma başlayıb və bu cəmiyyətdə dəciddi narazıçılığa səbəb olub.
Mürtəza
Gununsesi.info