Şahin Mustafayev də FETÖ-dən danışdı

  • By admin
  • 26 İyul 2016 14:19

fetoshahin

 

“Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi Azərbaycan xalqını narahat etdi”.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Anadolu Agentliyinə müsahibəsində deyib. Dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verən nazir deyib: “Xalqın azad iradəsinə qarşı törədilən qorxunc cinayətlərin təşkilatçıları Türkiyə xalqı və dövlətinin sərgilədiyi birlik qarşısında məğlub olaraq məqsədlərinə çata bilmədilər. Prezident İlham Əliyev də Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, qardaş ölkə vətəndaşlarının demokratik yolla seçdiyi hökuməti dəstəklədiyini ifadə edib. Azərbaycan dövləti bu hadisəni dövlət çevrilişinə cəhd hesab edir və belə əməlləri şiddətlə qınayaraq, bunun yolverilməz olduğunu bəyan edib”.

Azərbaycanın Türkiyə ilə qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu söyləyən Ş.Mustafayev bildirib ki, münasibətlərimizə zərrə qədər də ziyan vuracaq hər hansı addımı qəbul edə bilmərik, buna heç vaxt icazə verməyəcəyik. Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır və biz həmişə bir-birimizi dəstəkləyəcəyik.

Türkiyənin bundan sonra da investorlar üçün cəlbedici ölkə olaraq qalacağını vurğulayan nazir qeyd edib: “Türkiyə iqtisadiyyatının mövcud vəziyyəti son hadisələrin mənfi təsirlərinə qarşı dayanıqlılıq göstərir. Əminik ki, hökumət nəzərdə tutulan iqtisadi hədəflərinə çatacaq”.

Nazir Azərbaycanın və Türkiyənin böyük enerji və nəqliyyat layihələrinin təşəbbüskarları və iştirakçıları olduğunu vurğulayaraq, iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, ticarət və iqtisadi işbirliyinin bu möhkəm zəmin üzərində qurulduğunu qeyd edib. Bildirib ki, hər iki ölkədə mövcud olan əlverişli investisiya və biznes mühiti iqtisadi əməkdaşlığımızın genişlənməsinə töhfə verir, qarşılıqlı sərmayə qoyuluşuna münbit şərait yaradır.

Gununsesi.info