Sosial şəbəkə, “Facebook” istifadəçiləri sırasına daha bir ünlü sənət adamı, Xalq artist Şahnaz Haşımova da qoşulub.
Gununsesi.info-nun məlumatına görə, tanınmış sənətkar elə bu günlərdə “Facebook”da özünə şəxsi səhifə açıb və müxtəlif illərdə müxtəlif məkanlarda çəkilən fotolarını paylaşıb.
Qeyd edək ki, Şahnaz Həsən qızı Haşımova 1957 Gəncə şəhərində anadan olub.
Q.Hüseynli adına Gəncə Musiqi Məktəbini bitirib (1979). 1971-1973 illərdə bədii özfəaliyyət kollektivlərinin “Oxu, tar” festivalının iştirakçısı olub. 1975-ci ildən “Göy-göl” xalq çalğı alətləri ansamblının (1977-ci ildən “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir. 1997 ildən Gəncə Dövlət Filarmoniyasının direktorudur. Repertuarına xalq mahnıları (“Uca dağlar”, “Qaragilə”, “Şuşanın dağlan”, və s.), muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Mirzə Hüseyn segahı, Şahnaz, Dəstgah və s.), Azərb. bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir. Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı,Gəncə Dövlət Filarmoniyasının “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir.
Ş. Haşımova 1985-ci ildə Əməkdar Artist, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 2002, 2005, 2012-ci, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq bilinib.
6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Kamil Həmzəoğlu
Gununsesi.info