Salam, məktəb! – FOTOREPORTAJ

  • By admin
  • 22 Sentyabr 2021 11:30

Pandemiya səbəbilə 2020-ci ilin mart ayından etibarən distant təhsilə keçmək məcburiyyətində qalan ibtidai sinif şagirdləri uzun fasilədən sonra nəhayət ki, məktəb həyəcanını yaşaya biləcək. Nazirlər Kabiteninin qərarına əsasən, bu gündən etibarən ibtidai siniflər ənənəvi formada tədrisə başlayıb.

Gununsesi.info xəbər verir ki, ən böyük həyəcan yükü xüsusilə övladlarını birinci sinfə yola salan valideynlərin çiyinlərinə düşüb. Uşaqları əyləncəli məşğələlər və şən oyunlardan ayırmağa çalışan valideynlər gözəl bilir ki, bu iş asan olmayacaq. “Ay bala, dur dərs oxu, dərsə gecikdin” sözləri isə hər günün dəyişməz şüarı olacaq. Artıq onlar əllərində rəngli karandaşlar deyil, qələm tutmalı olacaqlar. Bəlkə ilk vaxtlar bu, bir qədər tərəddüd yaradacaq, lakin zaman keçdikcə daha cəsarətlə yeni hərflər, rəqəmlər öyrənəcək, verilən tapşırıqları daha inamla yerinə yetirəcəklər. Onların qarşısında bilik dünyasının yeni qapıları açılacaq.

Birincilər üçün məktəblə görüş həyəcanlı olduğu qədər də maraqlıdır. Zəfər ilinin birincilərini lentə almaq üçün paytaxtın bir neçə məktəbinə yollandıq. Müəllimlərin rəsmi çıxışından sonra Bakının ümumtəhsil müəssisələrində İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra birincilərin “İlk zəng”i çalındı. Qeyd olundu ki, bütün tədris müəssisələrində birinci dərs “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunacaq.

Gununsesi.info