Samir Əliyev: “Beynəlxaq Bankın bağlanması ehtimalını istisna etmirəm” - MÜSAHİBƏ

  • By admin
  • 10 Oktyabr 2016 16:50

samir

“Dövlət bu gün bankın problemini vergi ödəyicilərinin pulu hesabına ödəməyə çalışır”

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Fondunun (DNF) “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) 1 milyard dollar depozit yerləşdirib.

Qeyd edək ki, DNF-nin 2015-ci ilə dair audit rəyinə görə, 2016-cı ilin martın 18-də Fond ABB-yə illik 4 faiz dərəcəsi olmaqla 500 milyon dollar (800 milyon manat) məbləğində sərmayə yatırıb.  Depozit müqaviləsi 16 mart 2017-ci il tarixində başa çatacaq.

İndi isə məlum olur ki, sentyabr ayında daha 500 milyon dollar  vəsait ölkəyə gətirilərək, ABB-də depozit olaraq saxlanılır. Neft Fondunun sözügedən investisiyası ictimaiyyət tərəfindən birmənali qarşılanmır.

Gununsesi.info ictimaiyyəti narahat edən suallara aydınlıq gətirmək üçün İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyevdən müsahibə götürdü. 

– Hökumətin Beynəlxalq Bankı xilas etmək üçün ayırdığı 3 milyard manatlıq yardımın ardınca, Neft Fondu 1 milyard dollarlıq depozit yatırması birmənalı qarşılanmır. Sizcə, Beynəlxalq Bankı xilas etmək üçün bu qədər dövlət vəsaitini xərcləməyə dəyərmi?

– Beynəlxalq Bank sistem əhəmiyyətli bir bankdır, eyni zamanda bazar payı 30 faizdən çoxdur.  Hətta əmanət və kreditlər üzrə bank sektorundakı payı 40 faizdən yüksəkdir.  “Azəri-Türk Bank”a qədər yeganə dövlət bankı olub.  Arxasında dövlət durduğu üçün bir qayda olaraq etibarlı bank hesab edilib. Ona görə də, sui-istifadə halları olub və artıq fəsadlarını görməyə başlamışıq.  Bu bankın 6 milyarda qədər zərərli aktivləri var. Bunun xilası üçün dövlət bankına böyük həcmdə vəsaitlər ayrılır.

Təbii ki, ilk baxışdan sual yarana bilər ki, sözügedən bankı xilas etməyə dəyərmi? Dəyməz, demək olar, amma burada Beynəlxalq Bankın bağlanmasından söhbət getmir. Bu bankı bağlamaq o qədər də sadə məsələ deyil. Çünki beynəlxalq qurumlar qarşısında öhdəlikləri var. Bankın bağlanması onu bu öhdəliklərdən xilas etmir. “Bank Standard”dən fərqli olaraq, bunun arxasında dövlət durduğuna görə bağlanması asan deyil. Ən azı öhdəliklər qaytarılmalıdır.  Beynəlxalq Bank həm depozitlər cəlb edib, həm də böyük həcmdə kreditlər verib. Bu kreditlərin əksəriyyəti məmurlara məxsus şirkətlərə təminatsız, girovsuz verildiyi üçün, onun yığılması ilə bağlı problemlər yaşanır.  Yəni əsas problem bankın inidəyədək düzgün və şəffaf idarə edilməməsi ilə bağlıdır.

Hökumət bankı özəlləşdirmək niyyətindədir, ona görə də sağlamlaşdırır.  Yəqin ki, növbəti addımlardan biri bankın kiçildilməsi olacaq. Daha sonra “su qiyməti”nə satılacaq.  Hətta Beynəlxaq Bankın bağlanması ehtimalını istisna etmirəm. Çünkü bank öhdəlikləri qaytarmaq üçün yeni öhdəliklərə üstələnir.  Neft Fondunun 500 milyon dollarlıq depozitini gələn ilin mart ayında qaytarmalıdır.  Burada depozitin 4 faizlik ödənişini də hesablasaq,  520 milyon dollarıngeri qaytarılmasından söhbət gedir, özü də dollarla. Manat ucuzlaşdıqca, həmin vəsaitin qaytarılması kifayət qədər çətinləşir. Nəzərə alsaq ki, Beynəlxalq Bankın xarici banklar, əhali qarşısında öhdəlikləri var, bu baxımdan müddətin sonunda onu qaytarmaq çətin olacaq. Ola bilsin ki, gələcəkdə bankın xidmətləri, xüsusilə əmanət qəbulu ilə bağlı xidməti məhdudlaşdırılsın.

Beynəlxalq Bankın əsas problemlərindən biri dollarla olan kreditlərdir. Hökumət, bu qədər xərc çəkənə kimi, dollarla olan əmanətlərə dəstək olsaydı, həm banklar xilas olardı, həm də Beynəlxalq Bankın zərəri bir qədər azalardı. Təəssüf ki, dövlət bu gün bankın problemini vergi ödəyicilərinin pulu hesabına ödəməyə çalışır.

– Neft Fondunun Beynəlxaql Banka 1 milyard dollar depozit yatırması hansı proseslərə gətirib çıxara bilər?

– Ümumi götürəndə, depozitlər 1 il müddətinə 4 faizlə qoyulub. Hım müddət azdır, həm də faiz dərəcəsi yüksəkdir. Bu gün dollarla olan əmanətlərin sığortalanması maksimum 3 faizdir. Banklar tərədindən isə dollarla olan əmanətlər 3 faizdən də aşağı qəbul edilir. Belə bir şəraitdə Neft Fondunun Beynəlxalq Banka bazar faizindən yüksək faizlə depozit yerləşdirməsi düzgün addım deyil. Düşünürəm ki, bu 1-2 faiz arasında olmalı idi. Əvvəla yerli bankdır, ikincisi burada məqsəd Neft Fondunun gəlir götürməsi deyil, yardım etməsidir. Eyni zamanda 1 illik müddət də kifayət qədər qısadır. Hesab edirəm ki, bu müddət 5 il olsaydı, daha məqsədə uyğun olardı. Görünür, burada risklər çox olduğuna görə Neft Fondu belə şərtlərlə əmanət yatızdırıb.

– Beynəlxalq Bank kifayət qədər problemli bankdır.  Dövlətin böyük həcmdə vəsaitinin buraya yatızdırılması risklər yaratmırmı?

– Dediyimiz kimi, əsas risklərdən biri faizin yüksək olması, müddətin isə qısa olmasıdır. Yəni cəlb edilən resurs bahalı resursdur.  Bundan əlavə, bank sektorunda kreditləşmə çox aşağı səviyyədədir.Bu gün Beynəlxalq Bank da kreditləşməni məhdudlaşdırıb. Deməli, bankın gəlirləri azalıb. Bankın Neft Fondunun depozitinin qaytarılması imkanları məhdud olacaq. Çünki bankın digər yerli və xarici öhdəlikləri var. Bu il borcların qaytarılması müəyyən yolla həll edilə bilər. Amma gələn il həmin borcları necə qaytaracağı sual doğurur.

Digər tərəfdən, Beynəlxalq Bankın göstərdiyi xidmətlərin getdikcə azalması müşahidə edilir. Böyük ehtimalla filialların, işçilərinin sayının azaldılması prosesləri davam edəcək. Bu gedişlə 100 faizlik səhmlə dövlətin mülkiyyətinə keçəcək.  Yəni “Aqrarkredit” Beynəlxalq Bankın səhmdarlarından biri olacaq.  Bu gün bank həddən artıq şişib, xərclərinin optimallaşdırılmasına ehtiyac var. Proseslər şəffaf aparılmır. Neft Fondu Beynəlxalq Banka depozit yatırır, amma bundan heç kimin xəbəri yoxdur. Halbuki, bu barədə öncədən geniş məlumat verilməli idi.

Beynəlxalq Banka Mərkəzi Bank, dövlət büdcəsi tərəfindən kifayət qədər dəstək göstərilir.1992-ci ildə dövlət büdcəsi Mərkəzi Bankdan aldığı pulu hələ də qaytarır. İndi də dövlət büdcəsi hər il Beynəlxalq Bankın borclarını ödəməklə məşğul olacaq. Bundan sonra ən azı 30 ilə dövlət bankın düzgün idarəedilməməsi nəticəsində yaranmış zərəri ödəməyə məcbur olacaq. Dövlət büdcəsinin isə qayğıları, öhdəlikləri artır, gəlirləri isə azalır. Beynəlxalq Bank məsələsində hökumət son dərəcədə diqqətli olmalıdır. Ən əsası şəffaflıq təmin edilməlidir. Əks halda bank çox böyük risk altına düşə bilər.

– Əgər 1 ildən sonra Beynəlxalq Bankı 1 milyard dollarlıq depoziti geri qaytara bilməsə, nələr baş verə bilər?

– Düzü, bunu bir qədər neqativ cavablandırmaq istəməzdim. Gələn il Beynəlxalq Bankı 1 milyard 40 milyon dollar  təkcə Neft Fonduna qaytarmalıdır. Həmin vəsaiti qaytarmağa onun maliyyə imkanı çatacaqmı? 1 milyardlıq vəsaiti bazardan almaq lazım gələcək. Manat buna tab gətirə biləcəkmi? Mən əminəm ki, gələn il bank bu depoziti qaytara bilməyəcək. Gələn ilin mart ayında depozit müddətinin daha 1 il uzadılması xəbəri gəlsə, təəccüblənmərik.  Ola bilsin ki, vaxtı uzatsınlar. Hələ ki, Beynəlxalq Bankın idarə edilməsi ilə bağlı müsbət məlumatlar gəlmir.

– İndiyədək Neft Fondu yerli banklara yardım etməməsinin səbəbini reyitinqləri əsas gətirərək, İnvestisiya Qaydalarına uyğun gəlməməsi ilə izah edirdilər. İndi ABB-nin reyqtinqi daha da aşağı düşdüyü bir vaxtda belə böyük bir depozit yatırılır. Sizcə, Neft Fondu hüquqi aktlalara qarşı çıxmırmı?

– Onlar çox güman ki, Fondun Vəsaitilərinin Yerləşdiriliməsi, Saxlanılması və İdarə Edilməsi Qaydalarının 2.1.3 bəndini əsas gətirərək, daxili bazarda ən etibarlı banklara investisiya edə bilərlər. Burada yayqın bir yanaşma var. Beynəlxalq Bank Azərbaycanda ən iri bankdır. Kredit reytinqi aşağı düşsə də, eyni zamanda ölkə üzrə ən yüksək reytinqi olan banklardan biridir. Amma hər bir halda indiyədək reytinqi əsas götürüb, vəsait yerləşdirmirdilər. Indi isə reytiqnin aşağı düşdüyü vaxtda vəsait yatırılması Neft Fondunun startegiyasına uyğun deyil.

Amma burada başqa bir məsələ var. Burada məqsəd dəstək verməkdir.  Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli banklarda yerləşdirilməsinin tərəfdarıyam. Lakın diskriminasiya yaradacaq bir formada həyata keçirilməsi düzgün deyil.  Bu gün Neft Fondunun 1 milyardlıq depoziti onun valyuta ehtiyatlarını azaltmır. Amma gələn il həmin vəsaitin taleyinin necə olacağı sual yaradır. Görünür, bütün risklər nəzərə alınıb. Gələn il Beynəlxalq Bank ətrafında proseslərin hansı istiqamətdə gedəcəyini müşahidə edəcəyik.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info