Şimal-Cənub dəhlizinin bütün iştirakçıları yükdaşıma prosesinə qoşulublar - "Ady Express"

  • By admin
  • 07 Oktyabr 2016 16:23

trns
Bu gün ilk dəfə olaraq Şimal-Cənub nəqliyyat dəhlizi ilə Hindistanın Banqalor şəhərindən Rusiyanın Vorsino stansiyasına test olaraq göndərilməsi planlaşdırılan elektrik avadanlıqlar və onlara ehtiyyat hissələri ilə yüklənmiş 5 ədəd 40 futluq universal konteynerlərdən 3-ü “ADY Express” şirkətinin Astara yük həyətində qəbul edilib.
“ADY Express”dən Gununsesi.info-ya verilən məlumata görə, yüklər platformalara yükləndikdən sonra Astara stansiyasından təyinatı üzrə yola salınıb.
Konteynerlər Hindistanın Mumbay şəhərindən dəniz vasitəsilə İranın Bəndər Abbas limanına, oradan dəmir yolu ilə Qəzvin stansiyasına, daha sonra isə avtomobillərlə Azərbaycan Astarasına çatdırılaraq, Rusiyaya yola salınıb.
“Artıq demək olar ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bütün iştirakçı ölkələri yükdaşıma prosesinə qoşulublar”, – deyə məlumatda bildirilir.
Bir neçə gün öncə isə “ADY Express” Cənub-Qərb nəqliyyat dəhlizi ilə daha bir əməliyyat həyata keçirib. Belə ki, İrandan Avropaya göndərilən mərmərlə yüklənmiş 10 ədəd 20 futluq konteynerlər, yük avtomobillərdən dəmir yolu platformalarına aşırılaraq, Astara dəmir yolu stansiyasından yola salınıb.
Xatırladaq ki, hələlik yüklər İrandan Azərbaycana avtomobillərlə daxil olur. Astarada “ADY Express”ə məxsus yük həyətində vaqonlara aşırılaraq Astara dəmir yolu stansiyasından yola salınır. Həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astarada vaqonlara yüklənməsi Azərbaycan prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu fərmandan irəli gələn qaydaların təsdiq etməsi nəticəsində mümkün olub.
Həmin fərmana uyğun olaraq, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları ilə edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.
Astaraçay üzərində salınan dəmir yol körpüsünün tikintisi isə başa çatmaq üzrədir. inşa edilən körpü və salınan yeni dəmir yolu Azərbaycanın Astara Stansiyası ilə İran-Astara stansiyasını birləşdiriləcək ki, bu da öz növbəsində Şimal-Cənub və Cənub-Qərb marşrutlarında yük dövriyyəsinin intensivləşməsinə böyük təkan verəcək.

Gununsesi.info