
“AŞ PA Bürosunun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunması barədə qərarı məni təəccübləndirmədi. Çünki, bu gözlənilən idi”.
Bu sözləri GUNUNSESİ.İNFO-ya açıqlamasında millət vəkili Musa Quliyev AŞ PA Bürosunun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəmçi təyin olunmasına dair iki gün əvvəl qəbul etdiyi qərara münasibətində deyib.
Deputatın sözlərinə görə, Avropa Şurası tərəfindən uzun müddətdir ki, Azərbaycana qarşı təzyiq xarakterli mövqe sərgilənir: “Səməd Seyidova tətbiq edilən sanksiya əslində Azərbaycana qarşı tətbiq edilib. Çünki, Azərbaycan o dövlətlərdəndir ki, başqa imperialist qüvvələrin maraqlarına xidmət etmir. Cənab prezidentimiz də vurğulayıb ki, dünyada ədalət prinsipi pozulub. Beynəlxalq hüquqdan daha çox beynəlxalq gücə üstünlük verilir”.
Azərbaycanın vəziyyəti dəyişməsi üçün siyasi məhbusları azad etməsinin mümkünlüyünə gəlincə, Musa Quliyev bildirib ki, bu baş versə belə yenə vəziyyət dəyişməyəcək: “Birincisi, Azərbaycan hökuməti bəyan edir ki, siyasi məhbus yoxdur. Hətta onların siyasi məhbus hesab etdiklərinin hamısını açıb buraxsallar belə yenə bizdən əl çəkməyəcəklər. Sadəcə Azərbaycanı nevroz vəziyyətə salmaq istəyirlər. Azərbaycan hökuməti heç zaman iddia etmir ki, bizdə hər şey idealdır. Problemlər var və zamanla hamısı həll olunur”.
Elmar Elnuroğlu
Gununsesi.info












