Son 9 ilin ən yüksək qiymət artımı… - RÖVŞƏN AĞAYEVİN TƏHLİLİ

  • Müəllif: admin
  • 19 Yanvar 2018 17:44

Dövlət Statistika Komitəsinin 2017-ci ilin iqtisadi yekunları üzrə açıqladığı məlumatlardan görünür ki, ötən il ölkədə qiymət artımının səviyyəsi son 9 ildə – 2008-ci ildən sonra ən yüksək həddə çatıb.

Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayevə istinadən xəbər verir ki, bu, ilk növbədə özünü ÜDM deflyatorunda göstərir – bu göstəricinin səviyyəsi 116% təşkil edib:

“Deflyator iqtisadiyyat üzrə ümumi qiymətlərdə baş verən dəyişikliyi əks etdirən indeksdir. Sadəcə istehlak qiymətləri indeksindən fərqli olaraq orta statistik vətəndaşın istehlak etdiyi bəlli sayda məhsul və xidmətlərdən ibarət olan səbətin deyil (idaxal və yerli məhsul olmasından asılı olmayaraq), yalnız ölkə daxilində istehsal olunan, lakin ÜDM-nin formalaşmasında iştirak edən bütün məhsul və xidmətlərin qiymətində olan dəyişiklikləri uçota alır. Məsələn, biznesin istehlak etdiyi xammalın, avadanlıqların qiymət artımını istehlak qiymətləri indeksi yox, deflyator ölçür.

Məlumatın üçün deyim ki, 2008-ci ildə ÜDM deflyatoru 127.8% olmuşdu. 2009-2015-ci illərdə hətta 91%-ə düşdüyü illər də oldu. Manatın 2 dəfə dəyərdən düşməsi nəticəsində inflyasiyanın kəskin artımı nəticəsində 2016-cı ildə deflyator 114.6%-ə yüksəldi”.

R.Ağayevin sözlərinə görə, deflyatorun daha yüksək səviyyədə artımı onu göstərir ki, ölkədaxili məhsul və xidmətlərin qiymətinin yüksəlməsinə təsir edən inflyasiyatörədici amillər, xüsusilə xərc inflyasiyası üçün faktorlar hələ də aktivliyini saxlamaqdadır: “İstehlak qiymətləri indeksi də 2008-ci ildən sonra ən yüksək səviyyəyə çatıb və 2017-ci il üzrə 12.9% artım qeydə alınıb. Ərzaq məhsuları üzrə qiymət artımı daha yüksək olub – 16.4%. Halbuki rəsmi məlumata görə, 2010-2015-ci illərdə ərzaq qiymətlərinin arıtımı 0.8-7% intervalında, 2016-cı ildə 14.7% olub.

Ən maraqlısı odur ki, rəsmi statistika əhalinin nominal gəlirlərinin 8%, inflyasiyanın 13% olduğunu söyləməklə real gəlirlərin 5% azaldığını etiraf etmiş olur. Amma bunun ardınca yoxsulların sayında hətta bir nəfər artımın olmadığını deyir”.

İqtisadçı hesab edir ki, real gəlirlər insanın nominal qazancalarla ala biləcəyi məhsul və xidmətlərin həcmini ölçür: “Yəni sən keçənilki gəlirlərilərinlə ayda 10 kq, builki gəlirlərinlə 9 kq ət ala bilirsən. Ən azından aşağı gəlirli insanların istehlak imkanlarının azaldığı və bunun rəsmi statistika tərəfindən etiraf edildiyi ölkədə yoxsulluq, işsizlik göstəricisi necə dəyişməyə bilər?

Yeri gəlmişkən, rəsmi məlumata görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə 0.1% böyüdüyünü bildirir. Məlumat üçün deyim ki, bu iqtisadi nəzəriyyədə olan staqnasiya halıdır. Staqnasiya – iqtisadiyyatda çox kiçik yaxud böyümənin ümumiyyətlə olmadığı vəziyyədir. Məsələn, iqtisadi artımın təxminən 2%-dən aşağı olduğu durumu iqtisadi nəzəriyyə staqnasiya kimi tərif edir. Lakin nəzəriyyə və hətta şəffaf statistikası olan ayrı-ayrı ölkələrin praktikası sübut edib ki, staqnasiya vəziyyəti üçün yüksək işsizlik və inflyasiya, yoxsulluğun artımı xarakterikdir.  Bizim statistika bunlardan yalnız 1-ni (yüksək inflyasiya) etiraf edir”.

Vüsalə

Gunusesi.info