Sosial evlərin satışına başlanılacaq - 5 MİN MƏNZİLƏ 10 MİNƏ YAXIN İDDİAÇI VAR

  • By admin
  • 23 Mart 2018 16:44

Yaxın vaxtlarda Azərbaycanda sosial evlərin satışı başlanacaq. Artıq indidən məlumdur ki, belə evlərə tələbat həddən artıq yüksək olacaq. FED.az xəbər verir ki, Bakıda 5 min sosial mənzilin tikintisi başlansa da, indiyədək belə evləri almaq istəyənlərin sayı 8 mini keçib. Əhaliyə güzəştli şərtlərlə sosial evlərin satıliası ilk baxışdan sovet təcrübəsini xatırlatsa da, dünyada kasıbların mənzillə təmin edilməsi çoxdan yayılıb. FED.az bu dəfə sosial evlərin tarixinə nəzər salır.

Hamıya problem yaradan kasıblar

Hələ orta əsrlərdə aydın idi ki, kasıblar təkcə özlərinə yox, ətrafındakılara da problem yaradırlar – aclıq, xəstəliklər, cinayətkarlığın artması və s. hallar qonşuları da narahat edirdi. Vəziyyətdən çıxış yolu isə onların evlə təmin olunması idi.
Avropada dövlət və bələdiyyələr evsizlərin problemini həll etməyə hələ 17-ci əsrdən cəhd göstərirdilər. Amma ayrı-ayrı ölkələrdə bu məsələ fərqli həll olunurdu. Məsələn, İngiltərədə evsizlərlə cinayətkar kimi rəftar edərək onları iş evlərinə qovurdular. Burdakı şərait həbsxanalardan çox fərqlənmirdi. Fransada isə evlə ilk növbədə dövlətə xidmət edənlər təmin olunurdu. 1674-cü ildə Parisdə kral sarayını xatırladan əlillər evi açıldı. Burda Fransa ordusunun 4 minə yaxın veteranı qalırdı, onlar özlərinə iş tapmaq və ya evlə təmin etmək gücündə deyildilər.

«Ləyaqətli» və «ləyaqətsiz» kasıblar

Burda veteranlar həm də uyğun işlərlə də məşğul olur, emalatxanalarda çalışırdılar. XIX əsrdə cəmiyyətdə bir fikir tam formalaşdı ki, hamının evi olmalıdır. Bəziləri bunun üçün «ləyaqətli» və «ləyaqətsiz» kasıbları bir-birindən ayırmağı təklif edirdi. Məsələn 19-cu əsrin əvvəlində ABŞ-da Bostonda aparılan eksperimentdə evsizlər üçün sığınacaqlar iki yerə – İş evləri və İslah evlərinə ayrıldı. İş evlərində özündən asılı olmayan səbəbə görə kasıb düşənlər yaşayıb işləməli, ikincidə isə əyyaşlar, dilənçilər və s. yaşamalı idi. Kağızda hər şey yaxşı olsa da bu ideya özünü doğrultmadı – əvvəla bu evlərdəki şərait bir-birindən demək olar k. fərqlənmirdi. Bundan başqa, qısa müddət ərzində məlum oldu ki, kasıblar arasında da əyyaşların sayı az deyil. Nəticədə evlər və onların sakinləri arasında fərq getdikcə itdi.

Adama 65 hektar torpaq

ABŞ yeni yarananda mənzil problemi demək olar ki, yox idi. Qanuna görə, istənilən şəxs 65 hektar ərazini götürüb istifadə edə və burdan pul qazanıb dolana bilərdi. Bunu edənlərin əksəriyyəti qazandığı pulların hesabına başqalarının evində kirayə qalmağa üstünlük verirdi.
Amma Böyük Depressiya bu sahəyə də təsirini göstərdi. Tikinti demək olar k, dayandı, iş yerlərinin ixtisarı və gəlirlərin azalması nəticəsində isə əhalinin böyük hissəsi kirayə haqqını ödəyə bilmədi. Ev sahibləri kirayənişin küçəyə atmağa başladılar. Cavabında müştərilər evi tərk eləmir, bir-birlərinə dəstək komitələri yaradır, ev sahibləri ilə münaqişələrə girirdilər. Onların evlərdən polis gücünə çıxarılması isə gərginliyi daha da artırırdı.

Ayda 15 dollar kirayə haqqı

Hökumət vəziyyətdən çıxmaq üçün ipotekanı işə salıb, tikinti şirkətlərinə böyük subsidiyalar ayırsa da, xeyri olmadı, çünki, işsizlik şəraitində ipoteka kreditin ödəmək imkanı olanlar az idi. 1935-ci ildə isə bir uşağın öldürülməsi nəticəsində isə qaradərililər və ağlar arasında böyük münaqişə və iğtişaş başladı. Daxmalarda yaşayan qara dərililəri sakitləşdirmək və onların problemlərini həll etmək üçün hökumət kasıblar üçün çox ucuz kirayə haqqı olan evlərin tikintisinə başladı. Qaydaya görə, burda o ailələr yaşaya bilərdi ki, aylıq gəlirləri mənzil haqqından 5 dəfədən çox olmasın. Əvəzində bu evlərdə 30-cu illər dövrü üçün ən yaxşı şərait yaradılmışdı, burda parklar, uşaq bağçaları və məktəblər, xəstəxanalar və s. hətta evlərdə isti su da vardı.  Bir sözlə şəraiti varlı rayonlardan geri qalmayan bu mənzillərlə kirayə haqqı ayda 15 dollar idi. Bu proqram ilk növbədə işləyən amerikalıların şəraitini yaxşılaşdırdı.

Müharibə nəsli yetişdi

İkinci dünya müharibəsi başlanandan sonra isə sosial mənzillərin vacibliyinə şübhə edənlər qalmadı. Zavodlarda işləmək üçün əyalətlərdən şəhərə gələnlər haradasa qalmalı idilər – və bu ehtiyacı sosial mənzillər ödəyirdi. Müharibədən sonra isə ölkədə əsl mənzil qıtlığı yarandı. Həmin vaxt mənzil şəraitinin təcili həll olunmamağı lazım gələn amerikalıların sayı 8 milyonu keçirdi. Hökumət yenidən mənzil proqramına start verdi. 50-ci illərdə sosial mənzil məsələsi arxa plana keçdi. Sonradan proqram bərpa olunsa da, evlər əvvəlki kimi keyfiyyətli və rahat deyildi.
Bununla yanaşı, 1960-cı illərdən etibarən sosial yaşayışın yeni forması ortaya çıxdı – yəni hökumət ev sahibləri ilə evlərin kasıblara ucuz qiymətə kirayə verilməsi barədə müqavilə bağlamağa başladı. Kasıbları evə buraxdığına görə, hökumət ev sahibinə kompensasiya verirdi.

“Bircə pozuntu – evdən çıxmalısan”

Amma nə qədər yaxşı niyyətlə tikilsə də sosial mənzil proqramının nəticələri gözlənildiyi kimi deyildi. Kasıblığa və onun təzahürlərinə qarşı mübarizə məqsədilə tikilən sosial mənzillər əksinə mənfi halların mənbəyinə çevrilirdi. Kriminal, aclıq belə məhəllələrin əsas əlamətləri idi. Burda ölüm, qarətlər, dava, oğurluq halları və avtomobillərin qaçırılması, xəsarət və silahlı basqınların  sayı artırdı.
Buna baxmayaraq belə mənzillərdə yaşayanların sayı sürətlə artırdı – 1970-ci ildə burda 1 milyon nəfər yaşayırdısa, 1980-ci ildə onların sayı 3 milyona çatırdı. Yeri gəlmişkən, kirayə haqqına yanaşma da dəyişmişdi. İndi kirayə haqqı gəlirlərin 30%-dən çox olmamalı idi.

Ən sərfəli şərti kim təklif edəcək?

1990-cı ildə ABŞ-da kasıblar üçün evlərin tikintisi prosesinə dəyişikliklər edildi. Əvvəla bu proqrama ayrılan pullar kəskin artdı. 1992-2005-ci illərdə bu məqsədlə 5,8 mlrd. dollar pul ayrılmışdı. Əvəzində burda yaşamaq qaydaları sərtləşdirildi. Yeni qaydalara görə, adamları hətta ən kiçik pozuntuya görə də evlərdən çıxarmağa başladılar.
Sosial evlərin tikintisi sistemi də dəyişdi. 2000-ci illərdən etibarən tikinti ərazisinin təmizlənməsinə pulu hökumət ayırır. Sonra burda evin tikintisi üzrə müsabiqə keçirilir. Tikiləcək binada ən yaxşı şərait, eyni zamanda ən aşağı kirayə haqqı təklif edən şirkət qalib gəlir.
“Hip-hop”un vətəni

Bununla yanaşı, yaddan çıxarmaq olmaz ki, nə qədər qəribə olsa da, Nyu-Yorkdakı bəzi «procekt»lər dünya mədəniyyətinin inkişafında əvəzedilməz rol oynayıblar. Məsələn Kvinsbric rayonu “hip-hop”-un və onlarla əfsanəvi reperin vətəni sayılır. Bronks-River-Xausez isə uzun illər beynəlxalq “hip-hop” hərəkatının sığınacağı olub.
Ümumilikdə isə belə mənzillərin tikintisi üçün ayrılan məbləğ getdikcə artır. 2005-ci ildə bu məqsədlə hökumət tərəfindən 20 mlrd. dollar xərclənmişdisə, 3 il sonra bu məbləğ 23 milyarda çatdı. Təqribən bu qədər də ştat və şəhərlərin yerli büdcələrindən ayrılır. Mənzil lobbisi bu prosesi sadəcə seyr etməklə kifayətlənir. Məsələ bundadır ki, sosial mənzil sistemi artıq özəl ev sahibləri ilə rəqabət aparmır – belə evlərdə ödəmə qabiliyyəti aşağı olanlar yaşayır ki, onlar da adi mənzil sahibləri üçün kirayənişin kimi tamamilə maraqsızdırlar.

Gununsesi.az