
Binəqədi rayonu “Azadlıq” prospektində yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə müşaiyyət olunan 16 mərtbəli binanın MTN tərəfindən yandırılması ilə bağlı şübhələr ciddiləşmədədir.
Baş vermiş dəhşətli yanğının əsil səbəblərinin aşkara çıxarılması ilə bağlı haqqin.az portalının bu məslə ilə bağlı təqdim etdiyi yazı geniş ictimai rezonans doğurub.
Gununsesi.info yazının ciddi rezonans aldığını nəzərə öz oxucularına təqdim edir.
Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış evində yanğının baş verdiyi faciəli 19 may gününü bakılılar tezliklə unuda bilməzlər. Təsadüfi deyil ki, həmin hadisə hüquq-mühafizə orqanlarına və dərhal yaradılmış dövlət komissiyasına faciənin səbəblərini araşdırmaq və günahkarları aşkara çıxarmaq barədə şəxsən tapşırıq verən Prezident İlham Əliyevin yanında ciddi müzakirə edilmişdi. Təxminən 150 nəfərdən ibarət istintaq qrupu bütöv bir il ərzində hadisənin hansı səbəblərdən baş verdiyini araşdırmış, bütün şəhər isə səbirsizliklə istintaqın yekunlarını gözləmişdir.
Müəmmalar
Aylarla aparılan araşdırmadan sonra istintaq belə nəticəyə gəlib ki, baş vermiş hadisənin əsas günahkarı poliuretan, daha doğrusu, bu materialdan hazırlanmış üzlük plitələrdir. Belə cansız bir obyektə qarşı hər hansı iddia irəli sürmək, üstəlik, onu cəzalandırmq mümkün olmadığından müstəntiqlər bütün günahları poliuretan plitələr istehsal edən “Global Stone” şirkətinin – yanmış binanın üzlənməsini həyata keçirmiş “Global Construction” tikinti şirkətinin podratçısının, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin boynuna qoyublar. İstintaq yanğının səbəbini də özünəməxsus tərzdə müəyyənləşdirib: yardımçı tikilinin damında qalaqlanmış çürük zir-zibilin kiminsə atdığı söndürülməmiş siqaret kötüyündən alov aldığı və oradan da binanın dörd bir tərəfindəki üzlüyü bürüdüyü ehtimal edilib. Amma bu naməlum siqaretçəkəni istintaq ya axtarmaq istəməyib, ya da bunu özü üçün mümkünsüz bir iş sayıb. Hər halda iş məhz bu vəziyyətdə məhkəməyə göndərilib.
İstintaqın rəsmi versiyası belədir və iş elə bu cür də məhkəməyə verilib. Ancaq məhkəmədə şahidləri dinlədikcə, məhkəmə iclasından kənarda onlarla söhbətləşdikcə ittiham tərəfinin dəlillərinin əsaslı olduğuna daha çox şübhə etməyə başlayırsan. Mütəxəssislərin rəyləri, səlahiyyətli qurumların rəsmi sənədləri bu şübhələri bir az da gücləndirir. Yox, biz istintaqın rolunu kiçiltmək və ya məhkəmə araşdırmasının gedişinə müdaxilə etmək fikrində deyilik, amma düzünü desək, məhkəmənin gedişində üzə çıxan suallar cavablardan daha çoxdur.
Dərhal qeyd edək ki, hakim A.Hacıyevin sədrlik etdiyi proses açıq keçirilir və hakimlər kifayət qədər obyektivlik nümayiş etdirirlər. Hərçənd belə səs-küylü işlərə baxılarkən əksər hallarda müəyyən məhdudiyyətlər və mübhəmliklər da qarşıya çıxır. Ümid edək ki, araşdırma sonadək obyektiv aparılacaq. Zərərçəkənlərin indiyədək 90 faizə qədərinin ifadəsi dinlənilib. Yaşadıqları dəhşətə və hələ də stresdə olmalarına rəğmən onlar kifayət qədər aydın ifadələr veriblər.
Amma məhz bu ifadələr onsuz da az olmayan sualların sayını artırıbdır. Müxtəlif ölkələrin dövlət qurumlarının haqqin.az tərəfindən toplanmış rəsmi sənədlərini, alimlərin rəylərini və “Azadlıq” prospektindəki 200/36 nömrəli binanın sakinlərinin qeyri-rəsmi söylədklərini cəmləşdirdikdə isə çox məyusedici bir mənzərə alınır.

Axır ki, yanğın nədən yaranıb?
Beləliklə, tamamilə aydındır, poliuretan – kağız və ya quru ot tayası deyil ki, kiminsə atdığı siqaret kötüyündən dərhal alışsın və çoxmərtəbəli evin dörd bir tərəfində yansın. Fikrimizcə, binanın bilərəkdən yandırıldığı barədə versiya həqiqətə daha yaxındır. İstər-istəməz, bir neçə il əvvəl Sumqayıtda baş vermiş yanğın yada düşür. Orada da çoxmərtəbəli bina od almış və demək olar ki, hər şey yanmışdı… poliuretan üzlükdən başqa.
Hadisə yerinə gəlmiş o vaxtkı şəhər meri Eldar Əzizov nəinki yanmayan, hətta alovun daha da yayılmasının qarşısını alan bu üzlük material haqqında tərifli sözlər demişdi.
Buzovna qəsəbəsindəki 5 mərtəbəli yaşayış evindəki yanğın da yada düşür. Onda da binanın damı alışıb yanmış, alovun yayılmasının qarşısını isə məhz poliuretan üzlük almışdı.
Bu bir daha sübut edir ki, iş üzlükdə deyil. Onu sadəcə kimsə bilərəkdən yandırıb, həm də xüsusi yandırıcı vasitələrin köməyi ilə… Özü də, müdafiə tərəfinin bəzi fakt və dəlillərindən göründüyü kimi, bu, heç də ilk belə cəhd olmayıb.
Oxşar hadisə “Azadlıq” prospektindəki yanğından düz 3 gün əvvəl də baş verib. Nərimanov rayonu, Kaveroçkin küçəsi 34-də, birinci mərtəbəsində Azərbaycan Veteranlar Təşkilatı yerləşən, 9 mərtəbəli yaşayış evində, əsaslı təmirdən sonra istismara verilmə ərəfəsində, gecə yanğın baş vermişdi.
Bu bina da “Global Stone” şirkəti tərəfindən hazırlanmış poliuretan plitələrlə üzlənmişdi, amma o zaman poliuretan yamamışdı… Amma binanın qəsdən yandırılması cəhdi aşkar idi – hətta diletant da aydın görürüdü ki, qonşu ikimərtəbəli yardımçı tikilinin damından evə neft məhsullarında isladılmış yoğun kəndir parçaları yandırılıb atılıb. Həmin vaxt yanğınsöndürənlər özlərini tez çatdıraraq, od vurulmuş üç kəndir kəsiyindən əmələ gələn alovu vaxtında söndürə bilmişdilər. Nərimanov RPİ bu fakt üzrə cinayət işi qaldırmışdı.
Bir qədər sonra, 24 mayda Gəncədə polis patrulu gecə yarısı evlərdən birinin damında iki şübhəli tipi tutmuşdu – bu naməlum şəxslər qaçıb aradan çıxmaq istəsələr də, əllərindəki mühərrik yanacağı ilə dolu ağır kanistrlər buna imkan verməmişdi. Biri qonşu Dağıstanın sakini olan bu iki cinayətkarı polis bölməsinə təhvil verilmiş, amma bir neçə gündən sonra məlum olmuşdu ki, onları MTN götürüb aparıb. Qəribə təsadüfdür ki, polislərin cinayətkarları yaxaladıqları çoxmərtəbəli yaşayış binası da poliuretan plitələrlə üzlənib. Bu hadisəni ümumiyyətlə, ictimaiyyətin diqqətindən yayındırmağa çalışmışdılar.
Yəni, indi istintaq hansı dəlilləri gətirir-gətirsin, “Global Stone” ASC-yə qarşı naməlum qüvvələrin məqsədyönlü təxribatlara əl atdığı aşkardır. Bununla belə, şirkətin baş direktoru Uğur Bəşirov, “Global Stone” ASC-nin təsisçilərindən olan Miryusif Mahmudov və onun müşaviri Ələkbər Əsgərov müttəhimlər kürsüsündədirlər. Binəqədi İH başçısının keçmiş müavini Qəzənfər Novruzov, şöbə müdiri Ədalət Rəcəbov və MİS rəisi Nizami Orucov orada onların yanındadırlar. Poliuretan məmulatlarının sınağını keçirmiş “Dərnəgül boru zavodu” QSC-nin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov, bu məmulatlar üzrə texniki şərtin razılaşdırıldığı Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da bu taledən qaça bilməyiblər. Zərərçəkənlərdən heç kimin səkkiz müttəhimdən heç birinə qarşı iddiası olmamasına istintaq qətiyyən məhəl qoymayıb.
Onların günahı nədir? Poliuretan plitələrin istehsalçılarını ittham edirlər ki, onların buraxdıqları keyfiyyətsiz məhsul faciə ilə nəticələnən yanğına səbəb olub. Rayon İH-nin keçmiş və indiki nümayəndələri guya tezyanan materialların xüsusiyyətlərini aydınlaşdırmadan onların yaşayış binasının üzlənməsi üşün istifadə olunmasına icazə verdiklərinə görə məsuliyyətə cəlb ediblər.
Sınaq laboratoriyasının əməkdaşları isə məmulatın keyfiyyəti haqqında müsbət rəyə görə məsuliyyət daşıyırlar. Guya sınaq üçün nümunələr “pis” poliuretandan düzəldilib və “yaxşı” materialın parametrlərinə uyğun olmayıb ki, laboratoriya da bunu gizlədib. Səhiyyə Nazirliyinin mərkəzinin direktorunu da, demək olar ki, bunda günahlandırırlar. Plitələtin istehsalı prosesində məhsulun keyfiyyətini dəyişdirməyin mümkünsüzlüyü barədə “Global Stone” və “Global Construction” şirkətlərinin dəlillərini istintaq qətiyyən qəbul etmir.
İzlər MTN-ə gedib çıxır
Vəkil İlhamə Həsənovanın bu barədə kifayət qədər inandırıcı dəilliləri var. Bu, təkcə yuxarıda təsvir edilən Gəncə hadisəsi deyil. Düzdür, vəkilin danışdığı əhvalatların bir çoxu tamamilə ağlasığmaz görünə bilər, ancaq onları müəyyən ardıcıllıqla sıralayanda hamısı gedib bir yerə dirənir:
İzlər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıb çıxarır. Bu iş üzrə təqsirləndirilənlərdən biri – Miryusif Mahmudov öz ifadəsində bildirib ki, 25 aprel 2015-ci ildə keçmiş MTN-nin iki əməkdaşı onun şirkətinin təhlükəsizlik üzrə direktor müavinindən iri məbləğdə pul tələb edib, əks halda “şirkətin fəaliyyəti və məhsulları haqqında olduqca mənfi rəy yaradılacağı” ilə hədələyib. Müttəhim bəyan edib ki, ötən il 13 mayda o, həmin adamlara rüşvət vermək məcburiyyətində qalıb, lakin tələb edilən məbləğin yalnız dördə birini toplaya bilib. Tələb olunan məbləği MTN-ə ödəmək imkanı olmayıb. Eldar Mahmudovun nümayəndələri çıxıb gediblər, amma qayıdacaqlarını vəd ediblər…
Üç gün sonra, 16 mayda Azərbaycan Veteranlar Təşkilatının onun şirkəti tərəfindən təmir edilmiş binasının yandırılmasına cəhd qeydə alınıb. Həmin vaxt bədxahlar yanan maddədə isladılmış bir neçə yoğun kəndir parçasını ofisin binasına bitişik damdan atıblar. Üç gün sonra, 19 mayda isə “Azadlıq” prospektindəki bina yanıb. Bakıdakı yanğının faciəli nəticələrinə baxmayaraq, bir neçə gün sonra, bu dəfə Gəncədə, daha bir yanğın cəhdi olub. Müttəhim hakimləri baş verənlərin təsadüf və ya kiminsə səhlənkarlığı deyil, məqsədli təxribat olduğunu düşünməyə və anlamağa çağırıb.
Müttəhimin sözlərinə inanmalımı, özünüz fikirləşin. 16 mərtəbəli binada yanğın təzəcə başlayanda Miryusif Mahmudov nə baş verdiyini görmək və anlamaq üçün artıq hadisə yerindəymiş… Amma, təxminən, on dəqiqədən sonra şirkətin əməkdaşları telefonla ona xəbər verirlər ki, MTN əməkdaşlarının böyük bir qrupu ofisi mühasirəyə alıb, bütün giriş və çıxışları bağlayıb, axtarış aparır, sənədləri götürür. Miryusif Mahmudov təcili şirkətə yollanmalı olur. Ofisə gəlib çatanda o, xeyli sayda naməlum adamın ciddi cəhdlə bütün kabinetlərə və sahələrə soxulduğunu görür. Şirkətin təsisçilərindən birinin gəlidiyini biləndə isə onu elə oradaca tutub harasa aparırlar .
Bundan sonra Miryusifi, vəkilindən başqa, heç kim görməyib. Şirkətin söhbətləşə bildiyimiz bütün keçmiş əməkdaşları da bunu təsdiqləyirlər. Onların dediyinə görə, MTN əməkdaşlarının dəstəsi (bu yaxınlarda məlum olub ki, 31 nəfər imişlər) “Global Construction”a, demək olar ki, elə yanğın başlanan zaman basqın edib. Prokurorluğun hər hansı qərarı olmadan ofisdə axtarış aparıblar, bütün sənədləri yığıb götürüblər və tələb ediblər ki, təsisçilərdən biri onlarla MTN-ə getsin. Orada da onu yenə heç bir qərar və protokol olmadan qərəzkarlıqla sorğu-suala çəkiblər. “Global Construction”ın direktoru İlqar Vəliyev da onlarla getməyə cəhd edib, amma ona saymazyanalıqla eşitdiriblər ki, “Miryusif müəllim bəsimizdir”.
Xüsusi xidmət orqanlarının iş metodlarından xəbərimiz olamasaydı, MTN-nin misilsiz çevikliyinə heyran qalardıq. Məntiqə görə, istehsalçı-müəssisədə axtarış aparılmasına və onun rəhbərinin həbsinə göstəriş verməzdən qabaq xüsusi xidmət orqanı yanğın yerində olmalı, vəziyyətlə maraqlanmalı və heç olmasa, yanğının ilkin səbəbini müəyyənləşdirməli idi. Bunu eləməyiblər, amma mötəbər əməliyyat qrupu dərhal toplanıb. Bütün bunlar qəribə deyilmi? Hər nə qədər təcrübəli və intizamlı olsalar belə, adamları yığmaq, təimatlandırmaq, nəyə xüsusi diqqət yetirilməli olduğunu izah etmək – ən azı, bir saat çəkər. Amma, görünür, Mahmudov-Çovdarov bandasının döyüşçülərinə bu, lazım olmayıb – onlar əvvəlcədən təlimat keçibmişlər, harada, nə vaxt və nəyə görə olacaqlarını dəqiq bilirmişlər. Belə çıxır ki, yanğın barədə də onların əvvəlcədən məlumatı varmış və Parlament prospektindəki məlum binada deyil, haradasa, “Global Construction”ın ofisinin yaxınlığında dayanıb işarə gözləyirmişlər.
Bəlkə elə buna görə yanğın barədə rəsmi versiya da birbaşa hadisə günü açıqlanmış, sonradan isə yalnız bəzi təfərrüatlar, ilk növbədə, ölənlərin sayı ora əlavə edilmişdi? Öz hökmünü vermiş qüdrətli Eldar Mahmudovun sözündən həmin vaxt kim çıxa bilərdi ki? Sonradan istintaq da digər xüsusi xidmətlər tərpənincəyədək onun əməkdaşlarının yığışdığı (ehtimal ki, məhv etdiyi) sübutlardan yararlanıb.

MTN-nin başçısı “maddi sübutları” və digər “faktları” aşkar edib, hamıdan qabaq tam versiyanı düzüb-qoşaraq, onu öz dəlilləri ilə əsalandırıb. Elə həmin gün şirkətin ofisindən 13 mayda MTN əməkdaşlarının oraya gəldiklərini qeydə alan videomüşahidə kameralarının sərt diskləri müəmmalı şəkildə yoxa çıxıb.
Məlum olduğu kimi, ilk təəssürat camaata daha güclü təsir göstərir və göstərdi də, bütün uyğunsuzluqları isə sonradan ya arxa plana çəkmək, ya da ümumən gizlətmək mümkündü. Və hər şey əcaib plan üzrə cərəyan etdi: bu qədər nüfuzlu şəxsin səsləndirdiyi rəsmi versiya ilə razılaşmamağa heç kimin cəsarəti çatmadı və bütün ölkə qatil-poliuretanla onun istehsalçılarını lənətləməyə başladı.
Tamamilə aşkar faktları artıq heç kim görmürdü və ya görmək istəmirdi. Hətta adamların taleyini həll edən müstəntiqlər də bunlara göz yumurdular. Görünür, işin belə tezliklə və xüsusi canfəçanlıq göstərilmədən “isti izlərlə” açılması onların da ürəyincə idi. Çox əlamətdardır ki, yanan binada MTN-nin əməkdaşı Xəyyam Babayev də yaşayırdı və onun ifadələri, təbii ki, Mahmudovun hazırladığı versiyanı tam təsdiq edirdi. Qoy bütün sakinlər inandırsınlar ki, heç də belə olmayıb, yanğının qəribə və şübhəli epizodlarına şahiddirlər, yanğından əvvəl və sonra binada və həyətdə naməlum adamlar görüblər, kimdi onları eşidən? Mahmudov necə deyib, elə də olacaq – bu, qanundur!
Bəlkə təcrübəli MTN-çi Babayevin məsləhəti ilə hadisə yerindən 16-cı meyit yoxa çıxıb və Zəhra xanımın öz uşağını od-alovun içərisindən qurtarmaq istəyən kürəkənini uyuşdurucu iynə ilə bihuş edən qəribə adamı heç kim tutmayıb? Yəqin ki, istintaq orqanı da elə həmin səbəbdən zərərçəkən və şahid Daşdəmirovu hədələyən şəxsin kimliyini müəyyən etməyə hətta cəhd belə göstərməyib. Yeri gəlmişkən, X.Babayev nə zamansa Rusiyada, özü də gələcək rəhbəri general Çovdarovun da vaxtilə işlədiyi diyarlarda xidmət keçib.
Görəsən həqiqətlər üzə çıxacaqmı?
Ədalət öz yerini alacaqmı?
İstintaq rəsmən təsdiq edir ki, poliuretan yanır. Deyək ki, belədir, amma məgər digər tikinti materialları yanmırlar? Belə çıxır ki, hər yanğından sonra, məsələn, alkopan, XPS, strafor, saydinq kimi kompozit üzlük materialları, həmçinin mebel də daxil olmaqla ağac məmulatları istehsal edənlərin hamısını tutmaq lazımdır? Burada istər-istəməz istintaqa belə bir sual yaranır: əgər həmin binanın üzlüyü poliuretandan deyil, daha çətin yanan, deyək ki, alkopandan olsaydı, o zaman bu kompozit materialı istehsal edən Çin, yapon və ya alman şirkətlərinin təsisçiləri həbs ediləcəkdilər?
Yanğının birbaşa günahkarın axtarıb, onu mühakimə etmək daha məntiqli olmazmı?
Amma müttəhimlər kürsüsündə o yoxdur, əvəzində orada təkcə plitələrin istehsalçıları deyil, həm də poliuretanın çətin alışan material olduğunu söyləməyə cəsarət edənlər əyləşiblər.
Yanğından dərhal sonra ən yüksək səviyyədə Azərbaycandakı bütün poliuretan üzlüklərin qısa müdətdə sökülməsi tələb olundu. Və onu hər yerdə operativ şəkildə soydular, hətta son dərəcə qorxmuş sakinlər də kömək edirdilər. Vəssalam, daha bizdə poliuretan yoxdur, əvəzində olduqca çox, özü də odadavamlılığı bir az da zəif olan digər üzlük materialları var. Məsələn, alkopan. Görünür, növbədə odur, Allah onun yanğınını göstərməsin! Hələlik isə poliuretan plitələrin quraşdırılmasına xərclənmiş on milyonlar havaya sovrulub, sonra da bir o qədər sökülməsinə. Bu arada, dünyanın hər yerində tikinti mütəxəssisləri Azərbaycana təəccüblə baxırlar: yayda istinin 50 dərəcəyə çatdığı Dubayda belə üzlük kimi poliuretan uğurla istifadə edilir, bəs Bakının bu qorxusu nədəndir?

Ölkənin ali rəhbərliyini başa düşmək olar: vətəndaşların həyatı puldan dəyərlidir. Üstəlik də, xüsusi xidmət orqanlarının belə yanğınların təkrarlanmaq ehtimalı barədə xəbərdarlığı… Riskə getmədilər, buna görə sağ olsunlar. Amma, doğurdanmı, hökumətdə bu sahədəki bilikləri, ən nəhayət, hesablamaları ilə digərlərini inandırmağı bacaran bir nəfər belə tapılmadı.
Hətta bu gün hökumətdəkilərin çoxu bir il əvvəl səhvə yol verdiklərini başa düşür, amma heç kim həqiqəti deməyə ürək eləmir, axı buna görə əsil günahkarlar cavab verməli olacaqlar. Çoxsaylı insan tələfatı, yüz milyonlarla dolların və minlərlə iş yerinin itirilməsi, atəş, partlayış, fəlakət – Mahmudov-Çovdarov qaragüruhunun başqalarının biznesi hesabına varlanmaq məqsədilə həyata keçirdiyi cinayət bunlara səbəb oldu.
Düzdür, onlara varlanmaq qismət olmadı. Ölən insanların ruhu, dağılmış ailələr, yetim qalanlar və əlil olanlar onların cəzalandırılmasını tələb edir. Kiminsə xülyaları, səriştəsizliyi, açılşmış iş haqqında raport vermək və günahsızları həbsə atmaq istəyinə görə deyil, qanuni şəkildə cəzalandırılmasını. Keçmiş qüdrətli təşkilatın bir çox böyük rəisləri artıq cəzalarını alıblar, amma başqa cinayətlərə görə. Görəsən, onlar başıbəlalı çoxmərtəbəli binadakı dəhşətli yanğına görə də cavab verəcəklərmi?










