Təhsil naziri yeni tikilən məktəbdə

  • By admin
  • 13 İyul 2018 17:59

Təhsil naziri yeni tikilən məktəbdə

Təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində Natiq Davudov adına tam orta məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olub.

Nazirlikdən verilən xəbərə görə, Ceyhun Bayramov məktəbin sinif otaqlarını gəzib, fənn kabinetlərinə, kitabxanaya, akt və idman zallarına baxıb, müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını deyən nazir bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.

Təhsil naziri regionlarda, ucqar yaşayış məntəqələrində bu cür məktəb binalarının tikintisinin ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisi olduğunu vurğulayıb.

Məlumat verilib ki, təhsil müəssisəsinin tikintisinə 2016-cı ilin oktyabr ayında başlanılıb və bu ilin yanvarında şagirdlərin istifadəsinə verilib. 374 şagirdin təhsil aldığı məktəbin ümumi sahəsi 3000 kvadratmetrdən çoxdur. İkimərtəbəli məktəb binasında 22 sinif otağı, 3 fənn kabineti, kompüter, hərbi hazırlıq və tibb otaqları, kitabxana, bufet, akt və idman zalları, eləcə də məktəbin həyətində mini idman meydançası fəaliyyət göstərir.

Təhsil müəssisəsində şagirdlərin təlim-tərbiyəsi ilə 46 müəllim məşğul olur. Onlardan 38-i ali təhsillidir.