
Naxçıvan Muxtar Respublikasında hakim Hüseyn Məmmədovun sədrliyi ilə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Məhərrəm Bağırovun cinayət işi üzrə proses başa çatıb.
Gununsesi.info-nun xəbərinə görə, Məhərrəm Bağırovun cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Prosesdə hökm oxunub. Məhərrəm Bağırov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin o, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.
Məhərrəm Bağırov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib.
İttihama görə, yol-nəqliyyat hadisəsi Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində baş verib. Aprelin 27-də Naxçıvan şəhər sakini Məhərrəm Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri Səkinə Abdullayevanı və Pərvanə Əliyevanı vurub.
Xəstəxanaya yerləşdirilən Səkinə Abdullayeva və Pərvanə Əliyeva aprelin 28-də orada ölüblər.
Məhərrəm Bağırov Naxçıvan şəhər Təhsil Şöbəsində baş mühasib işləyib.
Gülnaz Qənbərli
Gununsesi.info









