Taksi sürücüləri “Bolt”u boykot edir: 11 şərt irəli sürdülər

  • By admin
  • 25 May 2022 10:51

Bir neçə müddətdir ki, ölkəmizdə onlayn fəaliyyət göstərən “Bolt” taksi sifarişi şirkəti ilə bağlı sürücülərin narazılığı səngimir. Sürücülər “Bolt”la bağlı fərqli-fərqli narazılıqları dilə gətirirlər. Onların bir qisminin toplaşaraq aksiya keçirəcəyi ilə bağlı məlumatlar da yayılıb.

Bəs bu narazılıqların kökündə nə dayanır? Şirkət məsələni niyə həll edə bilmir?

Publika.az məsələni araşdırıb.

İlk olaraq onu qeyd edək ki, şirkətlə əlaqə saxlamaq cəhdlərimiz bir nəticə vermədi. Biz də sürücülərlə əlaqə saxlayaraq narazılıqların səbəblərini öyrənməyə çalışdıq.

Həmsöhbət oluğumuz taksi sürücüləri söylədilər ki, “Bolt” şirkətini boykot etməkdə qərarlıdırlar.

Onlar may ayının 27-də şirkəti tamamilə bloklamaq fikrindədirlər. Onu da vurğulayırlar ki, bu, boykotun 1-ci mərhələsidir. Adının açıqlanmasını istəməyən sürücü deyir ki, 5-ci gün, yəni may ayının 27-də axşam saat 5-7 arası bütün “Bolt” sürücüləri eyni anda proqramı bağlayıb şirkəti boykot edəcəklər:

“Bu vaxtı ona görə təyin etmişik ki, bütün gücümüzü 2 saat vaxtda sərf edib daha çox effektiv olaq. Saat aralığı növbəti günlərdə daha da artırılacaq. Bu o vaxta qədər davam edəcək ki, “Bolt” məcbur qalıb bizim tələbləri yerinə yetirəcək”.

Bəs boykota qoşulan taksi sürüclərinin tələbləri nələrdir?

Həmsöhbət olduğumuz sürücülər deyirlər ki, onlar sosial şəbəkə qrupları və daxili qruplar vasitəsilə 11 bənddən ibarət olan şərtlər hazırlayıblar.

Boykota qoşulan taksi sürücülərinin tələblərindən birincisi şirkətin tutduğu komissiya haqqının 20%-dən 10%-ə endirilməsidir. İkinci şərt isə minimal qiymətin 1-1,5 manatdan deyil, 2.40 manatdan başlaması ilə bağlıdır.

Növbəti şərt isə “Bolt” sistemində gedilən ünvanın, qiymətin, ödəniş üsulunun – yəni pulun hesaba köçürüldüyü və ya nəğd olacağının sürücüyə göstərilməsidir. Etirazçılar deyirlər ki, sürücü fərdi sahibkar kimi fəaliyyət göstərir:

“Bolt”un işçisi olsaydıq onların fəaliyyət göstərən sürücülərlə işçi müqaviləsi olardı. Halbuki belə bir müqavilə yoxdur. Hesaba ödəniş olanda onu çıxarmaq müşkülə çevrilir. Təsəvvür edin, kart hesabında pulunuz var və siz onu lazım olan anda çıxara bilmirsiniz. Tələbimiz odur ki, kartla olan sifarişləri nağdlaşdırmaqda sürücülərə çətinlik yaradılmasın. Yəni, vəsait 1-2 gün ərzində avtomatik olaraq sürücünün hesabına köçsün və ya gündəlik benzin talonu verilsin”.

Boykotçuların beşinci şərti isə gözləmə vaxtına görədir. Onlar hər dəqiqə üçün ən azından 10 qəpik pul hesablanmasını tələb edirlər. Hazırda bu məbləğ isə cəmi 2 qəpikdir. Həmsöhbət olduğumuz sürücülərdən biri qeyd edir ki, müştəri sifariş verdiyi ünvandan əlavə olaraq bir az uzaq məsafəyə taksi sürdürürsə, onun ödənişi onlayn proqramda avtomatik hesablanmalıdır.

Sürücülərin yeddinci şərti isə hansısa problem yarananda onun çözümünün ədalətli şəkildə araşdırılmasıdır:

“Yaxşı olardı ki, sürücülərə verilən sifarişlər hava məsafəsi ilə hesablanmasın. Doqquzuncu şərtimiz məsafəyə görə hesablanan məbləğlər düzgün hesablanması ilə əlaqədardır. Bəzən yol olmayan yerlərdən də məsafə hesablanır. Bu əsasən mərkəzdən kənar yerlərdə olur. Onuncu şərtimiz isə sürücülərin pulunu verməyib qaçan müştərilərin ödənişi ilə bağlıdır. Biz həmin pulun “Bolt” tərəfindən tam olaraq kompensasiya olunmasını tələb edirik”.

Sürücülər 11-ci şərt kimi ləğv edilən sifarişlərə görə sürücülərə kompensasiya ödənilməsi ilə əlaqədardır. Etirazçı taksi sürücüləri deyirlər ki, onlar müştərinin sifariş verdiyi ünvana çatana qədər boşuna yol sürmüş olurlar və bu məsələ də öz həllini tapmalıdır.

Emil Cavadzadə adlı sürücü isə söyləyir ki, onlar istəklərinə nail ola bilməyəcəklər. Çünki sayları azdır və baykota daha çox sürücü qoşulmalıdır. Sürücülər aksiyanın isə ancaq baykot formasının olacağını dilə gətirirlər.

Məsələ ilə bağlı “Bolt” şirkətinin də mövqeyini yayımlamağa hazırıq.

Gununsesi.info