
Martın 1-də Ali Məhkəmədə Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin kassasiya şikayətinə baxılıb. Məhkəmə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilib.
Gununsesi.info xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxslərdən ikisi – Abbas Hüseynov və Abbas Quliyev iştirak edib. Onlar çıxışlarında ittihamların əsassız olduğunu bildiriblər və bəraət istəyiblər.
Dövlət ittihamçısı isə aşağı instansiya məhkəmələrində heç bir pozuntuya yol verilmədiyini bildirib və kassasiya şikayətlərinin təmin olunmamasını istəyib.
Hakimlər müşavirədən sonra 18 nəfərin heç birinin kassasiya şikayətinin təmin olunmadığını bildirib.
Xatırladaq ki, Taleh Bağırzadə və daha 16 nəfər 2015-ci ilin noyabrında Nardaranda keçirilən əməliyyat zamanı, Fuad Qəhrəmanlı isə bir qədər sonra – dekabr ayında həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı və Ramin Yarıyev 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay azadlıqdan məhrum ediliblər.
Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarov cəzalarının bir hissəsini qapalı həbsxana rejimində çəkəcəklər.
Gülər
Gununsesi.info









