“Tanışım nazirlikdə işləyir” deyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Ağdaş Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Famil Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2000 manat miqdarında cərimə təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttihama görə, Famil Həsənov etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayəti törədib.

Belə ki, o, zərərçəkmiş Habil Salahova (şərti) tanışının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işlədiyini deyib, həmin tanışının vasitəsilə əlilliyə görə təqaüd düzəltdirəcəyini yalandan vəd edib. Bu yolla Famil zərərçəkmişdən ümumilikdə 1 800 manat məbləğində pul alıb.

Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş Xəyyam Əsədovun (şərti) qardaşı arvadının komissiya sədri işləyən tanışının vasitəsilə əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib. Bu yolla Famil zərərçəkmişin ümumilikdə 3 030 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Famil Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Gununsesi.info