Tarixi şəxsiyyətin nəslindən olduğunu rəsmi şəkildə qeyd etdirmək mümkündürmü? - Hüquqşünasdan açıqlama

  • Müəllif: Firuzə
  • 07 Sentyabr 2026 16:58

Bir şəxs özünü hər hansı tarixi şəxsiyyətin nəslindən hesab edirsə, bunu rəsmi şəkildə qeyd etdirə bilərmi?

Məsələ ilə bağlı Gununsesi.info  -ya açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, təkcə belə bir iddianın irəli sürülməsi şəxsin hüquqi statusunun tanınması üçün kifayət etmir.

Hüquqşünasın sözlərinə görə, şəxsin məşhur hökmdarın, sərkərdənin, şairin və ya digər tarixi şəxsiyyətin nəslindən olduğunu təsdiqləmək üçün nəsil əlaqəsini sübut edən etibarlı sənədlər və digər sübutlar tələb oluna bilər:

“Bunlara arxiv materialları, doğum və nikah qeydləri, şəcərə sənədləri və digər sübutlar aid edilə bilər”.

Şamil Paşayev qeyd edib ki, Azərbaycan qanunvericiliyində “tarixi şəxsiyyətin nəslindən olmaq” ayrıca hüquqi titul və ya xüsusi imtiyaz verən status kimi nəzərdə tutulmayıb.

“Yəni şəxs belə bir mənşəyə malik olduğunu sübut etsə belə, bu, ona avtomatik olaraq hər hansı əlavə hüquq və ya imtiyaz vermir”, – deyə hüquqşünas vurğulayıb.

Onun sözlərinə görə, bununla belə, bəzi hallarda həmin nəsil əlaqəsi elmi araşdırmalarda, şəcərə tədqiqatlarında, bioqrafik məlumatlarda və ya tarixi təşkilatların fəaliyyəti çərçivəsində sənədləşdirilə və qeydə alına bilər.

Orxan
Gununsesi.info