
Terror həyəcanı şəhər həyatını iflic etdi. Hava limanı, dəmiryol vağzalı, ticarət mərkəzləri, ali məktəblər fəaliyyətini dayandırdı.
Gununsesi.info xəbər verir ki, telefonla zəng vuran şəxs Rusiyanın Nijniy Novqorod şəhərinin müxtəlif yerlərində, xüsusən də hava limanı, dəmiryol vağzalı və ticarət mərkəzlərində terror hadisəsinin törədiləcəyi barədə verdiyi xəbər şəhərdə həyatı iflic edib.
NN.ru-nun xəbərinə görə, telefon zəngindən sonra Nijniy Novqoraddakı “Striqino” hava limanında bütün sərnişinlər evakuasiya edilib və uçuşlar təxirə salınıb. Bu şəhərə uçan təyyarələr isə yaxınlıqdakı digər şəhərlərə yönləndirilib.
Dəmiryol vağzalının da fəaliyyəti müvəqqəti dayandırılıb və oradakı sərnişinlər də evakuasiya edilib. Qatarların və şəhərətrafı elektrik qatarlarının hərəkəti dayandırılıb.
Eyni zamanda, şəhərdəki iri ticarət mərkəzlərinin və bir sıra ali məktəblərin fəaliyyət dayandırılaraq, oradakı işçilər evakuasiya edilib.
Gununsesi.info












