“Terror təhlükələrinin qarşısı uğurla almaq mümkün oldu…” - Fərasət Qurbanov

  • By admin
  • 13 Oktyabr 2016 13:08

konfrans_yeni

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirib. Öncə dövlət himni oxunub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Gununsesi.info-nun məlumatına görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Azərbaycan xalqı 1993-cü ildə mərhun Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etməsəydi yenicə bərpa olunan müstəqilliyimizin itirilmə təhlükəsi real idi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu prosesinə mane olmaq istəyən, hərbi və siyasi çevriliş cəhdinə çalışan qüvvələrin, terror təhlükələrinin qarşısı uğurla almaq mümkün olub: “Heydər Əliyevin gərgin zəhməti nəticəsində ölkəmiz tənəzzül dövrünü geridə qoyaraq 21-ci əsrə yeni, inkişaf edən Azərbaycanla qədəm qoydu. Heydər Əliyev kursunun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə, inkişaf etmiş iqtisadiyyata, müasir infrastruktura malik ölkəyə çevrildi. 26 sentyabrda keçirilən referendumda xalqımız bir daha cənab prezidentin çağırışına böyük dəstək nümayiş etdirməklə xalqla hakimiyyətin əzəmətli birliyini nümayiş etdirdi”.

Daha sonra Şuranın hazırladığı “Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf yolunda” filminə baxış keçirilib.

Millət vəkili, Paradiqma İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri  Elman Nəsirov “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri” mövzusunda məruzə edərək müstəqillik dövrünün tariximizin ən qiymətli səhifəsi olduğunu qeyd edib. 20 sentyabr 1994-cü ildə Əsrin müqaviləsinin imzalanmasının Azərbaycanın sonrakı sabit və dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətindən danışan E. Nəsirov H.Əliyevin ölkəmizin beynəlxalq münasibətlərinin qurulması üçün atdığı addımları böyük uzaqgörənliklə və dəqiqliklə hesabladığını deyib: “Onun 1993-2003-cü illərdə dünyanın 60-dan artıq dövlətinin rəhbəri ilə keçirdiyi 485 görüşün hər biri ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edib”.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov “Azərbaycan Respublikasının iqtisadi inkişafı” mövzusunda məruzə edərək bu gün Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib.

Ölkənin naşı idarəçiliyinin, hərc-mərcliyin nəticəsində iqtisadiyyatın tamamilə məhv edildiyini qeyd edən F. Yusifov H. Əliyevin1993-cü ilin dekabrından başlayaraq qəbul etdiyi strateji qərarların cəmi bir neçə ilə öz nəticəsini göstərdiyini vurğulayıb: “Əgər 1995-ci ildə inflyasiya 1800%-ə çatırdısa, 1996-cı ildən başlayaraq makroiqtisadiyyat sabitləşməyə başladı. 1996-2004-cü illərdə Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoydu, yeni kənd təsərrüfatı və sənaye müəssisələri fəaliyyətə başladı. 2004-cü ildən başlayaraq cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoydu”.

“Müstəqil Azərbaycan və vətəndaş cəmiyyəti” mövzusunda məruzə edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni H. Əliyevin ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. MQF prezidenti ötən 25 il ərzində ölkəmizin vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli tarixi yol keçdiyini deyib. R. Zeyni 2001-ci ildə Azərbaycanda QHT-lər haqqında qanunun qəbul olunmasının o dövrdə bütün MDB məkanındakı ölkələrin tarixində ilk addım olduğunu və müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edib.

Gununsesi.info