Tofiq Yaqubluya hökm oxunması təxirə salındı

  • By admin
  • 12 Noyabr 2020 21:42

Noyabrın 12-də hakim Elmar Rəhimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın funksioneri Tofiq Yaqublunun barəsində Nizami Rayon Məhkəməsinin hökmündən verilən şikayət üzrə baxış başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, bu gün keçirilən prosesdə Tofiq Yaqubluya hökm çıxarılması gözlənilsə də məhkəmə prosesi  dekabrın 3-dək təxirə salınıb.

Koronavirus pandemiyası səbəbindən jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Jurnalistlərə açıqlamasında Tofiq Yaqublu deyib ki, məhkəmədə prosessual pozuntu baş verdi: “Bu gün məhkəmə bitməli idi. Məni də  dinlədilər. Məhkəmə dekabrın 3-dək təxirə salındı”.

Qeyd edək ki, sentyabrın 3-də hakim Nəriman Mehdiyevin sədrliyi ilə Nizami Rayon Məhkəməsi prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami Rayon Polis İdarəsində T.Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də T. Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

17 gün aclıqdan sonra, sentyabrın 18-də hakim Elmar Rəhimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin T. Yaqublunun barəsində həbs qətimkan tədbiri haqda qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib. Tofiq Yaqublu məhkəmə zalında sərbəst buraxılıb.