Toylarda adət-ənənələrə, dəyərlərə riayət olunsa bir o qədər milli kimliyimiz də qorunub saxlanılacaq - PROFESSOR

Xalqların milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli adət-ənənələri var. Toy mərasimi də həyat tərzində mövcud olan qədim adətlərdən biridir. Mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu adətin Azərbaycanda geniş ənənələri var. Elçilik mərasimindən başlayan bu qədim ənənələr toyun sonuna kimi davam edir.

 

Toy adətlərinə zəmanənin də təsiri böyükdür desək yanılmarıq. Xüsusən də son dövrlərdə toyların bir qayda olaraq fərqli üslubda, fərqli adətlər ilə keçirilməsinin şahidi oluruq. Bu gün keçirilən toylar keçmişdə keçirilən toylardan çox fərqlənir.

 

Hətta zaman-zaman Milli Məclisdə belə Azərbaycanda toylar haqqında danışılır, müxtəlif təkliflər verilir.

 

Bəs unudulan toy adətlərimiz  hansılardır? Keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir?

 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan  AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy da bildirir ki,  Azərbaycan toyları çox böyük dəyişikliklərə uğrayıb və mənfi istiqamətdə yeni adətlər əmələ gəlib.

“Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da özünün zəngin adət-ənənələri var. Azərbaycan toyları ilə yanaşı, bu kimi adətlərin xalqın kimliyin, qədimdən ona məxsus olan milli keyfiyyətlərin saxlanılmasında böyük rolu vardır. Bu xüsusilə bizim toy mədəniyyətimizə aiddir.

Ancaq təəssüf hissi ilə demək istəyirəm ki, bu gün Azərbaycan toyları çox böyük dəyişikliklərə uğrayıb və mənfi istiqamətdə yeni adət-ənənələr əmələ gəlib.
Hamımız bilirik ki, bizim ulu abidəmiz olan “Kitabı-Dədə-Qorqud” Azərbaycan xalqının kimliyi, onun tarixi adət-ənənələri,  insana vətənə torpağa olan münasibəti ilə çoxlu məlumatları bizə çatdırır. O cümlədən “Dədə-Qorqud” kitabında da toylarımız haqqında da çoxlu dəyərli məlumatlar vardır. Kitabda toy termini yığınaq, meclis mənasında işlənilir.
Məsələn deyir “Bayandur xan toy elədi, bəyləri məşvərət üçün məclisə dəvət elədi”. Burda söhbət ancaq iki iki gəncin evlənməsindən getmir. Ümumiyyətlə qədim oğuzlarda böyük məclislərə toy deyirmişlər. İki gəncin simasında tayfaların, ailələrin birləşməsini, onların münasibətlərinin möhkəmlənməsi bu kimi keyfiyyətləri özündə daşıyırdı”.
S.Rzasoyun sözlərinə görə, əvvəllər toylara dəvət olunanda insanlar sevinərdilər: “İndi isə evlərə toy dəvətnaməsi gələndə insanları bir qayğı bürüyür ki, bu toyun pulunu hardan tapıb yazdıracam.
İndi Azərbaycanda toy dedikdə yalnız gənclərin evlənməsi nəzərdə tutulur ki, bununla da Azərbaycan xalqı sözün həqiqi mənasında artır. Ona görə də toy mədəniyyətinin olması ailə institutu və bizim milli kimliyimizin saxlanılması baxımından çox böyük rol oynayır.  Bu gün acınacaqlı vəziyyət budur ki, Azərbaycanda toylar  xüsusilə şəhər yerlərində özünün qədimi adət formalarından çıxıb daha çox hakk hesab məclislərinə çevrilib. Təəssüf ki, bunu bu gün rayonlarımız da görmək olur.
Çox təəssüf ki, 50-60 il bundan öncələrdə toylara dəvət olunanda insanlar sevinərdilər ki, məhləmizdə toy olacaq. Ailəlikcə iştirak etdiyi üçün sevinərdilər. Ancaq indi sözün həqiqi mənasında evlərə toy dəvətnaməsi gələndə insanları sanki bir qayğı bürüyür ki, bu toyun pulunu hardan tapıb yazdıracam. Bəzən insanlar bir-birinə zatafatyana qarğış kimi də deyirlər ki, “Sənə görüm gündə dəvətnamə gəlsin”. Bu çox ciddi məsələdir.”
Professor deyir ki, insanlar arasında bir toyun gözəl olub olmaması, yeməyin çox və ya az olması ilə ölçülür.
“Artıq insanlarda toya əvvəlki kimi maraq qalmayıb. Bunun da səbəbi budur ki, toy sırf israfçı bir biznes sahəsinə çevrilib. Burda insanların özünün də böyük rolu var. Restoranların toy menyusu bizim hamımıza məlumdur. İnsanlar daha çox gözəl yemək bolluğunun həvəskarı olub. Hətda belə bir cümlə işlədirlər. “Filankəs gözəl bir toy elədi, yeməklərin hamısı stolda qalmışdı”. Beləliklə artıq antiməna, antimədəniyyət yaranıb.
İnsanlar arasında bir toyun gözəl olub olmaması orda yeməyin orda çox və ya az olması ilə ölçülür. Baxırsan menyuda 30-40 cür yeməklər olur. İnsanlar onların az bir qismini yeyirlər. Bu da dəbdəbəli toya meyilliyin nümunəsidir. Halbuki bu böyük bir israfçılıqdır. Nə Allaha, nə də bəndəyə xoş getmir. Birmənalı şəkildə deyim ki, bu gün toylar Azərbaycan ailəsinin büdcəsinin dağılmasına xidmət edir.
Düşünək, bu gün 400-500 manat məbləğində maaş alan ailəni ay ərzində iki, üç toya çağrılanda ona 50 manat qalar ya qalmaz. Artıq bu da büdcənin dağılmasına səbəb olur. Bunun günahını isə kənarda axtarmalı deyilik. Bütün günah bizim özümüzdədir. Çünki nə qədər ki, toy adətlərindən qırağa çıxırıq bu hallarla ilə rastlaşacayıq.
Eyni zamanda bəzi rayonlarda toy edən şəxs ziyafət evinin binasını kirayə götürürlər. Sadəcə stol və stullarin ödənişlərini özləri edərək, yeməkləri özləri bişirib gətirir. Bununlada israfçılıq hadisələri nisbətən aradan qalxmış olur.
İnsanlar arasında xüsusən də qadınlar arasında toy üçün məkan seçəndə dəbdəbəyə önəm verirlər. Məkanın tavası, pərdələri, müasir görünüşləri onlar üçün böyük rol oynayır. Bu da bizim gözəl adətimiz olan toy adətinin aradan qalxmasına səbəb olur. Antimənəviyyat hadisəsi kimi bir hal yaradır”.
“Bəyin oğurlanması” filmindən “Xalqımın toy kimi bir adəti var, bu cür el adətinə hörməti var”  deyimi ilə dillər əzbəri olan, milli mənəvi kimliyimizin qorunmasını saxlayan toy adətinin bu gün ki və keçmiş toylar ilə fərqi nədir? 
Seyfəddin Rzasoy deyir ki, spirtli içkilərin olması Azərbaycan toylarının böyük-kiçik ənənəsini ortadan qaldırdı.
“Folklorşünas kimi deyə bilərəm ki, toyun özünün çoxlu mərhələləri var. Əvvəlcə qadınların qızı görməsi, elçilik, qız gördü, qızı axtarıb tapmaq və s. Bu kimi adətlər ailənin möhkəm qurulmasına xidmət edərdi və toyun mərhələri olardı. Sadaladığım toy mərhələləri maddiyyat səbəbindən ixtisara düşüb. Toylarda ən pis olan isə böyük-kiçik məsələlərinin aradan qaldırılmasıdır.
Məsələn əvvəllərdə toylarımızda spirtli içkilər olmayıb. Spirtli içkilərin olması Azərbaycan toylarının artıq 70 – ci illərdən başlayaraq bölgələrdə böyük kiçik ənənəsini ortadan qaldırdı. Çünki o vaxta qədər aşıqların və müğənnilərin iştirakı ilə toylar olardı. Ağsaqqallar toyxanalarda oturardılar. Spirtli içkilər ortaya çıxandan sonra həmin ağsaqqallar, yaşlı adamlar toyxanalarda oturmurdular ki, öz abirlarini qorusunlar.
Bu gün toylarda müsbət ənənələrdən xoşuma gələn cəhətlər də var. Toylarda şəhidlərimizi yad etmək, dövlət himnini səslənməsi və bu kimi məqamları misal gətirmək olar”.
Yüz illiklərdən bu günə qədər xalqımız üçün vazkeçilməz adətlərdən olan toy ənənəsi eyni zamanda  Orta Asiya ölkələri arasında da geniş yayılmışdır. Bu gün Azərbaycanda keçirilən toylarla Orta Asiya ölkələri arasında hansı fərqlər var?
S.Rzasoy deyir ki, Azərbaycana nisbətdə Orta Asiyada bu adətlərin qorunub saxlanılması daha güclüdür.

 

“Türk xalqlarının adətləri bir biri ilə eynidir. Şübhəsiz ki, hər birinin özünün zənginlikləri və müxtəliflikləri var.

Ümumi müşahidələrimə görə qeyd edim ki, Özbəkistan xüsusilə də Türkmənistan qədim adət-ənənələr daha çox qorunur. Qazaxıstanda isə  Azərbaycanda olduğu kimi müasirləşməyə meyil güclüdür”.
“Qədim toy adətlərinin ölməsində şəhər yerlərində rast gəlinib. İndiki gənclərimizin əksəriyyəti müasirləşməyə doğru meyillidir, adət ənənələr isə xor baxırlar. Unudurlar ki, adət ənənələrin olması bu ənənələr əsasında ailə qurulması onların gələcək ailəsinin möhkəmliyi deməkdir. Keçmişdə təkcə oğlan qızı və ya qız oğlanı seçməzdi eyni zamanda ailələr də bir-birini seçərdi. Toylarda nə qədər ki, adət-ənənələrə, dəyərlərə riayət olunsa bir o qədər milli kimliyimiz də qorunub saxlanılacaq”-deyə Professor əlavə edib.
Şəbnəm Rəhimova
Gununsesi.info