“Tramp İran məsələsində çıxılmaz vəziyyətlə üzləşib” -POLİTOLOQ

“Hazırda ABŞ Prezidenti Donald Tramp İran məsələsində mürəkkəb siyasi vəziyyətlə üz-üzədir. Aprelin 8-dən etibarən Vaşinqton və Tehran arasında “nə müharibə, nə sülh” vəziyyəti davam edir və bunun yaxın zamanda dəyişəcəyi gözlənilmir”.

Gununsesi.info xəbər verir ki, bildirir ki, bunu politoloq Asif Şəfəqqətov deyib.

Siyasi şərhçi bildirib ki, ABŞ İranla genişmiqyaslı müharibəyə başlamaqda maraqlı görünmür:

“Bunun əsas səbəbləri sırasında sursat çatışmazlığı, mümkün müharibənin neft qiymətlərini artıracağı, ABŞ-ın müttəfiqlərinin daha çox zərər görəcəyi və bölgədəki hərbi obyektlərinin risk altında qalacağı göstərilir.

Vaşinqton İranla tammiqyaslı razılaşma əldə etməkdə də çətinlik çəkir. İran ABŞ-ın əsas tələblərini qəbul etmir, eyni zamanda özü də ağır şərtlər irəli sürür. Bu isə mümkün razılaşmanın ABŞ daxilində və İsrail tərəfindən mənfi qarşılanmasına səbəb ola bilər.

Tramp administrasiyası hazırda neft bazarındakı gərginliyi azaltmaq üçün mediaya “danışıqlarda irəliləyiş var” məzmunlu məlumatlar ötürür. Məqsəd isə qiymət artımının və daxili narazılığın qarşısını almaqdır.

ABŞ İranın neft blokadasını uzun müddət davam etdirməkdə çətinlik çəkə bilər. Çünki bazarda neftin azalması qiymətlərin yüksəlməsinə səbəb olur. Digər tərəfdən, blokadanın tam aradan qaldırılması Vaşinqtonun geri addımı kimi qiymətləndirilə bilər.

Mövcud vəziyyətdə İran faktiki olaraq mövqeyini gücləndirib, ABŞ isə siyasi baxımdan çətin vəziyyətlə üzləşib. Bunun hüquqi və siyasi nəticələrinin isə uzun müddət müzakirə olunacağı ehtimal edilir”.

 

 

Firuzə

Gununsesi.info