““Trendyol”la bağlı yaranmış situasiya kimlərisə narahat edib” -FOTO

Xəbər verdiyimiz kimi, ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görülə biləcəyi ilə bağlı ehtimalını açıqlayıb. Gununsesi.info-nun məlumatına görə, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz: “Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlaması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər”.

V. Bayramov əlavə olaraq qeyd edib ki, haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalarla müdafiə etmək rasional yanaşma deyil: “Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.

Məsələyə İKT üzrə ekspert Osman Gündüz də şərh verib. O, feysbuk səhifəsində paylaşım edərək bildirib ki, son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkəti yaradılıb. Hazırda təxminən 200-dək belə şirkət var: “Azərbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən, Çindən, Avropadan və ABŞ-dən, Türkiyədən, o cümlədən, bu ölkənin “Trendyol” platformasından şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. İndi görünür ki, bu sahədə yaranmış situasiya kimlərisə narahat edib”.

Ekspert Antiinhisar Dövlət Xidmətinin yeni rəhbərliyinin ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etdiyini və quruma dəstək verdiklərini də əlavə edib: “Ümid edirdik ki, bu Xidmət 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar. Vətəndaş cəmiyyəti ilə əlaqələr güclənmişdi. Amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Elə son vaxtlardakı tədbirləri də göstərdi ki,  deyəcək bir şeyləri olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri də kəsiblər.

Beləliklə, görünür ki, hökumət hələlik, necə deyərlər “kəşfiyyat” aparır. “Haqsız rəqabətçi Trendyol” ilə bağlı bir rəsmi mövqe yoxdur. Yalnız Antiinhisar Dövlət Xidmətinin bir nümayəndəsi bir tədbirdə sözügedən fikri səsləndirib”.

Gununsesi.info